Akif Qurbanov "Vatslav Havel" mükafatına namizəd oldu

Akif Qurbanov

28-08-2024 01:08 / Bu xəbər 802 dəfə oxundu

Avqustun 27-də Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsinə vətəndaş cəmiyyətinin təsirinə görə verilən insan hüquqları sahəsində Vatslav Havel mükafatının seçim komissiyası 2024-cü ilin mükafatına namizədlərin siyahısını açıqlayıb.

İnsan hüquqlarının müdafiəsi sahəsində müstəqil xadimlərdən ibarət olan və Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulosun rəhbərlik etdiyi komissiya Praqada görüşündə aşağıdakı üç nominantı - azərbaycanlı fəal Akif Qurbanovu, venesuelalı Mariya Korina Maçadonu və Gürcüstan nümayəndəsi Babutsu Patarayanı siyahıya daxil etmək qərarına gəlib.

Avropa Şurası Parlament Assambleyasının mətbuat xidmətinin məlumatında deyilir ki, Akif Qurbanov hüquq müdafiəçisi, siyasi fəal və Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvüdür. 

Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının həmtəsisçisidir. 

2024-cü ilin martında ölkədə jurnalist və fəalların həbs dalğası zamanı Qurbanov həbs edilib.

Maria Korina Maçado Venesuelada insan hüquqlarını fəal şəkildə müdafiə edən görkəmli siyasi fiqurdur. 

Venesuela  mülki və siyasi azadlıq, hüquq və vətəndaş iştirakı naminə "Sumate" könüllü vətəndaş təşkilatının həmtəsisçisidir.

Babutsa Pataraya Gürcüstanda aparıcı feminist fəal və insan hüquqları üzrə vəkildir. 

2013-cü ildən qadın hüquqları ilə məşğul olan və zorakılıq qurbanlarına dəstək verən "Sapari" qeyri-hökumət təşkilatının direktorudur. On ildən çoxdur ki, femisid, qadınlara qarşı cinsi istismar və zorakılıqla mübarizə aparır.

2024-cü il Havel mükafatının qalibi sentyabrın 30-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız plenar sessiyasının açılışında elan ediləcək.

İnsan hüquqları sahəsində "Vatslav Havel "mükafatı hər il Avropa Şurası Parlament Assambleyası tərəfindən Vatslav Havel adına Kitabxana və "Xartiya 77” Fondu ilə tərəfdaşlıq şəraitində təqdim edilir. 

Mükafat 60 000 avro, kubok və diplomdan ibarətdir.

Mükafat 2013-cü ildən təqdim olunur. 

Azərbaycan təmsilçisi artıq 2014-cü ildə həmin mükafatın laureatı olub. Belə ki, mükafat həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədliyə (hazırda da həbsdədir) təqdim edilib.