Akif Qurbanovun Apelyasiya Məhkəməsi niyə təxirə salınıb?

Akif Qurbanovun Apelyasiya Məhkəməsi niyə təxirə salınıb?

16-03-2024 01:37 / Bu xəbər 1126 dəfə oxundu

"III Respublika" Platformasının spikeri Akif Qurbanovun həbs qətimkan tədbirindən verilən apelyasiya şikayəti ilə bağlı proses təxirə salınıb.

Bu barədə vəkili Şəhla Hümbətova məlumat verib.

O bildirib ki, Qurbanovun işi protokolda təhriflər olduğu üçün hakim işi Xətai Rayon Məhkəməsinə qaytarıb. 

"Xətai Rayon Məhkəməsi Akif Qurbanova həbs seçərkən hakim dedi ki, narahat olmayın, mən protokol məsələsində çox məsuliyyətliyəm, iclasda olanlar sözbəsöz protokola yazılır. Dedim, nəzərə alın ki, mən həmişə protokolu oxuyuram. İclasda bir neçə vəsatət verdim, müstəntiqi sorğuladım, bir Quran çıxış etdim, sonra protokolu oxuyanda gördüm ki, bunaların heç birinin izi-tozu da yoxdur. Orada olmayan adam protokolu oxusa, elə biləcək ki, mən kukla kimi susub oturmuşam", - deyə vəkil qeyd edib. 

Onun sözlərinə görə, bu iradından sonra hakim işi geri qaytarmaq haqqında qərar verib: 

"Buna görə Apelyasiya Məhkəməsi bugün iclası təxirə saldı və işi Xətai Rayon Məhkəməsinə qaytardı ki, protokola qeydlər məsələsi həll olunsun. Çoxmu çətindir iclası diktofona yazıb sonra protokola köçürmək? Mütləq əlavə iş çıxarıb camaatı yükləmək lazımdır?", - Hümbətova qeyd edib. 

Bakı Apelyasiya Məhkəməsi martın 15-də "III Respublika" Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib

Ruslan İzzətli ilə yanaşı, Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) əməkdaşları Əli Zeynal və İlkin Əmrahov, habelə Toplum TV-nin redaktoru Müşfiq Cabbar da həbsdə saxlanılıb.

Məhkəmə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlini də azad etməyib. 

Martın 14-də Bakı Apelyasiya Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun üzvü Ramil Babayevin həbsindən verilmiş şikayəti də təmin etməyib.

Vəkil Ayşə Abdel Qadir belə deyib. 

Onun sözlərinə görə, gənc özünü təqsirli bilmir.

Adıçəkilən bütün şəxslər 6-8 mart tarixlərində qaçaqmalçılıq ittihamı ilə saxlanılıblar, lakin onlar ittihamı qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.