Akif Qurbanovun övladlarına məxsus əşyaların ofisdən götürülmüş kimi rəsmiləşdirildiyi bildirilir

Akif Qurbanovun övladlarına məxsus əşyaların ofisdən götürülmüş kimi rəsmiləşdirildiyi bildirilir

27-07-2024 13:31 / Bu xəbər 792 dəfə oxundu

"Siyasi fəalın övladları təhsil almaqları üçün zəruri elektron avadanlıqlardan məhrum ediliblər”

İyulun 26-da III Respublika Platforması qurumun spikeri Akif Qurbanovun ailə üzvlərinə münasibətdə axtarış aparılması, eləcə də ona və ailə üzvlərinin məxsus əşyaların götürülməsinə dair bəyanat yayıb.

III Respublika Platforması qeyd edir ki, martın 6-da Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçı polisləri Akif Qurbanovun atası Yaqub Qurbanovun mülkiyyətində olan "90OV982” nömrəli "Hyundai Veracruz” markalı avtomobildə axtarış keçirib: "Axtarış nəticəsində Akif Qurbanovun məktəbli yaşlı övladlarına məxsus 1 ədəd "Redmi” markalı telefon, 2 ədəd "Iphone” markalı telefon, biri "Macbook” markalı olmaqla, 2 ədəd kompüter götürülüb. Bu, Akif Qurbanovun yetkinlik yaşına çatmayan övladları avtomobildə (babası hər gün onları məktəbə aparıb- gətirir) olub və axtarış uşaqların gözü qarşısında, onların üstün mənafeyinə zidd olmaqla həyata keçirilib. 

Axtarışdan sonra Akif Qurbanovun atası Yaqub Qurbanov həmin gün qısamüddətli saxlanılıb və daha sonra azad edilib".

"Elektron avadanlıqların əksəriyyəti Akif Qurbanovun yetkinlik yaşına çatmayan övladlarına məxsus olsa da, qurumun ofisindən götürülmüş əşyalar kimi rəsmiləşdirilib və buna uyğun olaraq həmin əşyaların üzərinə həbs qoyulub. Nəticədə, Akif Qurbanovun övladları təhsil almaqları üçün zəruri elektron avadanlıqlardan məhrum ediliblər", - deyə bəyanatda bildirilir.

III Respublika Platforması axtarış və götürmə ilə əlaqədar hüquq pozuntularının olduğunu vurğulayıb. Xatırladılıb ki, Cinayət Prosessual Məcəlləsinə (maddə 12) və "Əməliyyat axtarış haqqında” (maddə 4) Qanununa əsasən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri təməl konstitusion insan hüquq və azadlıqları təminatlarına riayət edilməklə həyata keçirilməlidir. 

İstintaq orqanı tərəfindən riayət edilməli olan insan hüquqları seqmentlərindən biri də uşaq hüquqlarıdır. Uşaq hüquqlarının təməlini uşağın üstün mənafeyi prinsipi təşkil edir: "Ancaq axtarış Akif Qurbanovun yetkinlik yaşına çatmayan övladlarının üstün mənafeyinə zidd olaraq polis əməkdaşları tərəfindən onların psixoloji sağlamlığı nəzərə alınmadan həyata keçirilib. Bundan əlavə, götürülən əşyalar (elektron avadanlıqlar) Akif Qurbanovun övladlarına məxsusdur. Həmin elektron avadanlıqlar onların təhsili üçün zəruri xarakter daşıyır. Bu, onların təhsillərini səmərəli davam etdirməsinə maneə yaratmaqla həmin uşaqların təhsil hüquqlarına neqativ təsir göstərib. Eləcə də elektron avadanlıqların əsassız yerə III Respublika Platformasının ofisindən götürülmüş kimi rəsmiləşdirilməsi Cinayət Prosessual Məcəllənin prosessual tələblərini pozub".

Bəyanatda sadalananlar Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (şəxsi həyat hüququ) və Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət toxunulmazlığı), eləcə də Akif Qurbanovun yetkinlik yaşına çatmayan övladlarına münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (şəxsi həyat hüququ), Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət toxunulmazlığı) və Əlavə 1 saylı Protokolun 2-ci maddəsinin (təhsil hüququ) pozuntusu kimi qiymətləndirilir.

Akif Qurbanov nə vaxt həbs olunub?

Akif Qurbanov 2024-cü ilin martın 6-da "Toplum TV” işi ilə bağlı saxlanılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Toplum TV” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, "Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.