Akim Bədəlovun Gürcüstanda "Məcazi" işləri - SƏNƏDLƏR

Akim Bədəlovun Gürcüstanda

30-07-2020 12:55 / Bu xəbər 1382 dəfə oxundu

"Ötən il ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 300-ə yaxın işçinin 4 aylıq maaşını verməyib.

Keçmiş agentliyin sədri Akim Bədəlov bunu qurumun ləğv edilməsi və pulunun olmaması ilə izah edir. Amma baxın, 2010-2019-cu illərdə dövlət agentliyinə rəhbərlik etmiş Akim Bədəlov 9 il ərzində büdcəyə bərpa olunmayan nə qədər zərər vurub”. 

Bu fikirləri tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. 

O bildirib ki, təqdim edəcəyi faktlar və sənədlər Dövlət Təhlükəsizlik Xidməti  və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün də maraqlı olar. 

Onun yazdığına görə, agentliyin sədri Akim Bədəlov həmin vəzifəyə təyin olunandan öncə "MACAZ” MMC-ni qeydiyyatdan keçirib. "Sənədlərdən də məlum olduğu kimi Xətai rayonu Qaçaq Nəbi küçəsi ev 4, mənzil 170-də hüqiqi qeydiyyata alınmış şirkətin 100 faizlik pay hüququ ilə təsisçisi keçmiş agentlik rəhbərinin oğlu AQŞİN BƏDƏLOV AKİM oğludur”.

Həsənli qeyd edir ki, bu, Bədəlovların ilk şirkəti deyil. "Bədəlovların təsisçisi olduğu digər şirkət isə  "MACAZ CONSTRUCTİON” MMC-dir. Akim Bədəlovun agentliyə sədr təyin olunmasına qədər bu şirkətlərin elə bir fəaliyyəti olmayıb.
 

2013-cü ildən isə bu şirkətlər həm agentliyin, həm də digər dövlət qurumlarının iri sifarişlərini əldə edib. Hətta o qədər böyük vəsaitlər əldə edib ki, Bədəlovlar 2016-cı ilin aprelində qonşu Gürcüstanda "MACAZ GEORGİA" LTD şirkətini təsis edib. 1000 lari nizamnamə kapitalı ilə Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində  qeydiyyatdan keçən "MACAZ GEORGİA" LTD-nin təsisçisi Aqşin Bədəlovun oğlunun ""MACAZ" MMC-dir. Macaz MMC-nin qanuni təmsilçisi Aydın Rza oğlu Məmmədov Gürcüstandakı törəmə şirkətin də direktoru təyin edilib”.


Araşdırmaçı jurnalist onu da vurğulayıb ki, Akim Bədəlovun öz vəzifə səlahiyyətlərini aşaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tenderlərini oğlunun şirkətlərinə yönəldib. "Məsələn,  2014-cü ildə "Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin satın alınması" adı altında dövlət büdcəsinə aid 503 min manatı "Macaz Construction" MMC-yə ötürüb. Şirkət 2013-cü ildə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 280 min manatlıq tenderinin (Yeni tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması) "qalibi" olub. Akim Bədəlov 2017-ci ildə oğlunun şirkəti üçün Ali Məhkəmədən 26.900 manatlıq daha bir tender (Ali Məhkəmə ali Məhkəmənin inzibati binasında havalandırma xidmətinin satın alınması) əldə etməyə nail olub”.

Tender oyunlarını davam etdirən Akim Bədəlov bununla da kifayətlənməyib. "2011-ci ildə Milli Onkologiya Mərkəzinin müalicə diaqnostika korpusunun tikintisi və əsaslı təmiri "MACAZ" MMC-yə verilib. 

Həmin "MACAZ CONSTRUCTİON” Milli Sağlamlıq Mərkəzi 2011-ci ildə  şirkəti tərəfindən layihəsi hazırlayıb və tikintisi Bədəlovların ortaq olduğu "XGETYM MMC"-yə həvalə olunub. 2012-ci ildə "MACAZ CONSTRUCTİON” şirkəti Samux AQROENERGETİK KOMPLEKSİ-nin layihəsini hazırlayıb, tikintisi "XGETYM MMC tərəfindən aparılıb.

2013-cü ildə keçmiş agentlik rəhbəri Buzovna qəsəbəsində iri YAŞAYIŞ VƏ İSTİRAHƏT KOMPLEKSİ tikdirib. Kompleksin layihəsi "MACAZ MMC CONSTRUCTİON” MMC tərəfindən hazırlanıb, tikintisi "MACAZ" MMC tərəfdən aparılıb.

Məlumatlara görə 2013-cü ildə Milli Onkologiya Mərkəzinin yeni diaqnostika korpusunun layihəsi də "MACAZ CONSTRUCTİON” şirkəti tərəfindən hazırlanıb. Əslində isə Bədəlovun oğlu layihənin hazırlanmasını Macarıstanın CÉH Tervező, Beruházó és Fejlesztő zRt. (https://ceh.hu/de/projects/azerbajdzsan-baku-onkologiai-epulet) şirkətinə sifariş verib və "MACAZ" MMC bu sifarişidə makler şirkət rolunu oynayıb.

2014-cü ildən başlayaraq "MACAZ MMC” Bakıda Ağ Şəhər layihəsi çərçivəsində "ERA TOWER” 22 mərtəbəli yaşayış binalarını tikib”.

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc edə bilərik.