Aksiya təşkilatçılarından birinin sosial şəbəkə hesabları ələ keçirilib

Aksiya təşkilatçılarından birinin sosial şəbəkə hesabları ələ keçirilib

01-12-2021 12:08 / Bu xəbər 3550 dəfə oxundu

Bu gün Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı gözlənilən aksiyanın təşkilatçılarından birinin - Mete Türksoyun email və sosial şəbəkə hesablarına müdaxilə edilib. 

Bu barədə Mete Türksoy məlumat yayıb. 

"Gmail hesabına hücum olub, şifrə dəyişdirilib. İşin yaxşı tərəfi budur ki, bunları öncədən təxmin etmişdim. Hesab kodunu bərpa etdim və gördüm ki, [email protected] adlı qondarma e-mailə yönləndirmə var. Dünən də "Telegram" proqramında xoşagəlməz qəribə hallar yaşanırdı,  mesajlar getmir, ana səhifədə boş sahə yaranır, donurdu. Həmçinin yazışdığım adamda da oxşar proseslər olurdu. Öncə bu barədə əmin deyildim, amma indi əminəm. Bu kiberhücumdur, kibercinayətdir.  Məhkəməyə müraciət edəcək Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyəm", - deyə Türksoy bildirib. 

Onun sözlərinə görə, adına "Telegram"da da hesab yaradılıb: "Bu gün nömrəmlə telegramda qeyddən keçilib. Mən "Telegram"ı silmişdim. Buna görə Bakcell də məsuliyyət daşıyır. Bakcellin də adı Avropa Məhkəməsində adın hallanacaq. Bu, biabırçılıqdır. Biz hüquqi və açıq formada dövlət orqanlarını xəbərdar etdik, sərbəst toplaşmaq azadlığının etik və hüquqi tələblərinə riayət edəcəyimizi dedik. Siz nə əldə etdiniz bununla?"

Bakıda ictimai fəallar dekabrın 1-də Qarabağ qazisi, hazırda həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı aksiya keçirməyə qərar veriblər.
 
Aksiyanın təşkilatçıları keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və siyasi fəal Mete Türksoydur. 

Saleh Rüstəmli artıq 26-cü gündür ki, aclıq aksiyası keçirir. 

"Hakimiyyət, Saleh bəyi həbsxanada öldürməkdə israrlıdır. Saleh bəyin səhhəti kritikdir, o hər saat ölə bilər", - deyə təşkilatçılar qeyd edib. 

Aksiyanın Fəvvarələr Meydanında baş tutacağı bildirilir.
 
"Biz, Azərbaycanın vicdanlı insanlarını Saleh bəyin həbsinə etiraz etmək üçün 1 dekabr, saat 15.00-da Fəvvarələr Meydanında dinc etiraz aksiyasına dəvət edirik!", - deyə təşkilatçılar məlumat yayıblar.  

Təşkilatçılar aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub da ünvanlayıblar. 

Saleh Rüstəmov 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, o, çirkli pulları leqallaşdırmaqda ittiham olunur.

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin o, ittihamını rədd edib. 

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.