Alçaq həqiqətən yaxşı yazıb...

Alçaq həqiqətən yaxşı yazıb...

06-07-2020 11:57 / Bu xəbər 1235 dəfə oxundu

Hüseynbala Səlimov

Azı iyirmi il bundan əvvəlin söhbətidir. Bir tanışımla ticarət mərkəzlərindən birinə getmişdik. Biz az dolaşdıq və tanışım dedi ki, bir dostum var burada, gəl, ona da baş çəkək. 

Gəldik o deyən dükana və gördüm ki, bir adam bikef görkəmdə oturub dükanın girişində. 

Əvvəlcə onu deyim ki, illər keçsə də, ölkədə iqtisadiyyat, mülkiyyət münasibətləri, ən əsası da insanların psixologiyası tamam dəyişsə də və bu cür dükançılar bizim "işgüzar təbəqə”nin ən azı dördə üçünü təşkil etsə də, nəinki onda, hətta indi də mən bunlara iş adamı və yaxud da biznesmen deyil, hətta tacir də yox, lap köhnə sovet vaxtlarında olduğu kimi, "alverçi” deyirəm, çünki bu adamların bütün biznesi və yaxud da işgüzar fəaliyyəti Turandan və ya İrandan mal gətirib və yaxud da dedyim ünvanlardan mal gətirən (bu da hər adama qismət olamayan imtiyazdır bu ölkədə!) adamlardan onu götürüb azı beş–on qat artığına satmaqdan ibarətdir. Qərəz, istədim alverçi qardaşımızın bir az keyfini açım və qayıtdım ki: "Boş oturma, heç olmasa, qəzetdən–filandan oxu ki, ölkədən xəbərin olsun...” 

Bəli, qardaşımız "Əşi, oxumalı bir şey yazırlar ki?” desə də, məhəl qoymadım, yaxınlıqdakı qəzet satan digər qardaşdan (o vaxt şəhərdə belələri çox olardı!) bir bərkgedən qəzet alıb o vaxtın ən çox oxunan yazarlarından birinin məqaləsini açıb verdim bizim alverçi-biznesmen qardaşımıza ki, bəs, al, oxu! Bilirdim ki, yazar qardaşımız bu dəfə də oxumalı bir şey yazıb, çünki onun yazıları həmişə bizimkilərdən dadı-duzu ilə seçilirdi. 

Qərəz, alverçi qardaş məni şübhəli-şübhəli süzüb başladı oxumağa. Bir az keçmişdi ki, gördüm, bəli, zalım oğlu gülür, amma dəymədim, gözlədim, oxuyub qurtarandan sonra soruşdüm ki, hə, necədir? Qayıtdı ki: "Ayə, alçaq həqiqətən yaxşı yazıb!..” 

Doğrusu, bu vaxta qədər mən hansısa yazını oxuyandan sonra orada tənqid edilən məmurlar və yaxud da kimlərsə haqqında "alçaqlar” deyən oxucular görmüşdüm, amma jurnalistə yaxşı yazdığına görə "alçaq” deyən oxucuya heç rast gəlməmişdim. Odur ki, söz məni möhkəm tutdu, hətta şillə kimi dəydi mənə - axı mən də jurnalist idim! 

Alverçi qardaşa bir söz demədim. Amma o gündən başa düşdüm ki, bu ölkədə yazar olub yazı yazmaqdan, ən əsası da doğru-dürüst şeyləri yazmaqdan bekara iş yoxdur, çünki burada yazı ilə heç nəyin düzəlməməsi bir yana, doğrucul olub kiminsə rəğbətini qazanmaq, necə deyərlər, "barmaqla gösrətilən bir kişi olmaq” sevdası da boş bir şeydir – jurnalistin bu qədim Şərq ölkəsində öz oxucusundan qopara biləcəyi "kompliment” belə ən yaxşı halda "alçaq” sözü ola bilər ki, düşünmürəm o, kiminsə karına gələ bilsin...

Qərəz, o vaxtdan doğru-dürüst yazılar, həqiqəti yazıb yaxşı qonarar almaq yox, əksinə bəziləri kimi heç nə yazmayıb karlı qonarar almağın yollarını axtarmaq haqqında düşünməyə başladım. Elə oldu ki, mənim axtarışlarıma xüsusi bir ehtiyac olmadı, çünki qəzetlər tez bir zamanda qalaq-qalaq olub metro stansiyalarının yaxınlığındakı köşklərdə yığılıb qalmağa və bu səbəbdən də saytlara çevrilməyə başladılar və bu gözünə döndüyüm saytlar da ən yaxşı halda tərif olmasa da, qeyri-tənqidi yazılar tələb etməyə başladılar və beləcə, mən bəndəniz də tərif yazmasam da, kimlərəsə yaltaqlanmasam da, lazımlı bir şey də yazmıram, Turandan-İrandan yazıb başımı birtəhər girələyirəm. Axı neyləyim ki? Daha altmış yaşımın həndəvərində durub başqa peşə axtarası deyiləm ki...

Yox, ürəkağrısı–filan da yoxdur. Əslində hər bir yaxşı, təmiz qəlbli həkim istəyər ki, düzü-dünyada xəstəliklər qurtarsın, o da gedib özünə bir başqa peşə axtarsın! İmanlı-insaflı molla da öz Allahından diləyər ki, Yer üzündə ölüm-itim olmasın, o da özünə tamam başqa sənət arasın!.. 

Biz jurnalistlər haqqında da elə eyni sözləri deyərdim: bəli, biz də istəyərdik ki, bu planetin adı dəyişib Xoşbəxtlik, Sülh və Əmin-Amanlıq Planeti olsun, biz də gedib, məsələn, ticarət mərkəzlərində alverçilik edək! Amma bir şərtlə: bütün bunlar gerçəkdə olsun, daha bizdəki kimi "qəbul olunmasın”, çünki olmaq bir şeydir, qəbul olunmaq tamam başqa – bəli, qəbul olunmaq belədir ki, nəsə əslində qətiyyən belə deyil, amma sadəcə, belə hesab etmək, belə saymaq bir növ "qəbul olunub”...

Mənbə: qaynar.info