Aldadılan Qarabağ veteranı ölkə başçısından kömək istədi - FOTOLAR

Aldadılan Qarabağ veteranı ölkə başçısından kömək istədi - FOTOLAR

21-11-2017 20:43 / Bu xəbər 1554 dəfə oxundu

"Polis tədbir görmədi...” 

Aldadılan ikinci qrup Qarabağ veteranı Qürbətov Bəxtiyar Verxuda oğlu redaksiyaya ünvanladığı şikayət məktubunda ölkə başçısından kömək istəyib.

O, müraciətdə yazır: 

Hörmətli cənab prezident!
Yazıb sizə bildirmək istəyirəm ki, mən Qürbətov Bəxtiyar Verxuda oğlu  1974-cü ildə Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ailəliyəm, iki övladım var. Özüm ikinci qrup Qarabağ əliliyəm. Döyüş tapşırığını yerinə yetirərkən sol biləyimi itirimişəm. İki ildir ki, başıma gələn bir hadisəylə bağlı polis orqanlarına müraciət etsəm də, heç bir tədbir görülmədi. Ona görə də son ümid kimi sizə müraciət etdim.

Hörmətli cənab prezident!
İki il bundan öncə kəndimizə gələn Bakı şəhər sakini Aşıq Qurbani küçəsi ev 25/2-də yaşayan 1975-ci il təvəllüdlü İmanov Həsən Əvəz oğlu mən və digər kənd sakinlərindən kartof almaq istədiyini dedi. Mən də ona köməklik edib Həsən İmanova öz təsərrüfatımdan və Göytəpə qəsəbə sakinləri Şahbazov Mehdi Eyvaz oğlu və Hüseynov Rasim Ələsgər oğlunun təsərrüfatından 1050 manat dəyərində kartof verdim. 

Həsən İmanov kartofumuzu Bakıya apararaq bizə bildirdi ki, kartofu satıb bizim pulumuzu ödəyəcək. O vaxtdan bu günə mən və digər sakinlər Həsən İmanovdan kartofumuzun pulunu ala bilmirik. Adı çəkilən sakinlərə mən zamin durduğum üçün o, şəxslər də kartofunun pulunu məndən tələb edirlər.  Mən gedib Həsən İmanovla görüşüb pulumu tələb etsəm də o, mənə söz verdi ki, pulumu qaytaracaq, amma yenə də aradan çıxdı. Sonradan mənə məlum oldu ki, Həsən İmanov dələduzdur. O, bir çox sakinləri aldadaraq belə işlər görür. Həsən İmanov öz doğma dayısı oğlu Muradov Elmar Əlibala oğluna da 1000 manat pul ataraq aradan çıxıb. 

Məsələ ilə bağlı daxili işlər nazirliyinə müraciət etdim. İşə baxılması üçün Cəlilabad rayon polis bölməsinə göndərildi. Amma, çox təəsüflər olsun ki, heç bir tədbir görülmədi.

Hörmətli cənab prezident!
Sizin mənə təyin etdiyinin 168 manat təqütlə ailəmi dolandırıram. Sizdən xahişim odur ki, tək əllə becərdiyim kartofumun pulunu dələduz İmanov Həsən Əvəz oğlundan alınması üçün müvafiq qurumlara öz göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkürümü bildirirəm".


Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.