Aleksey Navalnıya qarşı yeni cinayət işi açıldı

Aleksey Navalnıya qarşı yeni cinayət işi açıldı

30-04-2021 13:58 / Bu xəbər 3867 dəfə oxundu

Rusiya İstintaq Komitəsində müxalif siyasətçi Aleksey Navalnıya və onun təşkilatının əməkdaşları - Leonid Volkov və İvan Jdanova qarşı yeni cinayət işi açılıb. 

"Radio Svoboda"nın verdiyi məlumata görə, onlar "fəaliyyəti vətəndaşlar üzərində zorakılıqla və onların sağlamlığına zərər vurmaqla müşayiət olunan ictimai təşkilata rəhbərlik etmək" maddəsiylə ittiham olunurlar. 

Əslində, cinayət işi hələ fevralın əvvəlində açılıbmış, amma təzəlikcə, Navalnının fondlarının və qərargahlarının ekstremist təşkilat kimi tanınması işi üzrə sənədlər yayımlanandan sonra ortaya çıxıb. Bu maddə üzrə maksimum dörd il həbs cəzası nəzərdə tutulur. 

Aleksey Navalnı səkkiz il öncəki cinayət işinə görə hazırda həbsdədir. Hökmə əsasən, o, 2023-cü ilin yayında azadlığa çıxacaq. Jdanov və Volkov isə hazırda ölkə xaricindədirlər. 
Mart ayında Litva Rusiyanın sorğusu əsasında Volkovu həbs etməkdən imtina edib. Rusiyada onun barəsində yeniyetmələri qanunsuz etiraz aksiyalarına cəlb etmək və mitinqlərdə sanitar normaları pozmaq ittihamları ilə də cinayət işi açılıb.