"Ali Məhkəmə Əli Həsənovun ərköyün nəvəsini azad etdi" - Əli Kərimli

09-08-2019 21:29 / Bu xəbər 1386 dəfə oxundu

"İlham Əliyevin "məhkəmə islahatlarından” ruhlanan Ali Məhkəmə bu gün YAP sədrinin və Baş nazirin müavini Əli Həsənovun 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan qəza törətmiş ərköyün nəvəsi Nail Allahverdiyevi formal cəzadan da azad etdi". 

Bunu Azərbaycan xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli feybuk səhifəsində yazıb.

O bildirib ki, Əli Həsənovun ərköyün nəvəsi qəzada 2 nəfərin ölümünə və 4 nəfərin ağır yaralanmasına səbəb olduqdan sonra cəmi 1 il həbsdə qalmışdı: "Xeyli müddət idi ki, faktiki azadlıqda idi, guya məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkirdi. Ancaq Ali Məhkəmə YAP sədrinin müavininin nəvəsinin formal cəzasına da razılaşmadı, tam olaraq cəzadan azad etdi". 

"Bununla yanaşı, bu gün bir xoş hadisə də olub. "Gəncə məhbuslarından” 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Sevindim. Ardı gəlsin. "Gəncə işi” məhkəməsində bir neçə dəfə iştirak etmişəm. O iş üzrə uzun müddətə azadlıqdan məhrum edilmiş, işgəncələrə məruz qalmış insanların böyük əksəriyyəti cinayət törətməyib. Onları həbs edib, kütləvi işgəncəyə məruz qoydular ki, gəncəliləri, bütövlükdə xalqımızı qorxutsunlar. Yaxşı ki, xalq olaraq bu işə biganə qalmadıq. Bəs hökumət bizi – Milli Şuranı şantaj edirdi ki, guya terrorçuları müdafiə edirik? O müdafiə olmasaydı, bu gün azad edilən məhbuslar azad edilərdimi? Digər Gəncə məhbuslarına da, bütün siyasi məhbuslara da azadlıq tələb edirik", - Əli Kərimli qeyd edib.