Ali Məhkəmə Naxçıvanın keçmiş daxili işlər nazirinə “yox” dedi

26-01-2023 11:27 / Bu xəbər 657 dəfə oxundu
Yanvarın 25-də Ali Məhkəmədə Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədovun şikayətinə baxılıb.
Hakim Ələsgər Novruzovun sədrliyilə keçirilən məhkəmə iclasında sabiq nazirə rədd cavabı verilib.
Meydan TV xəbər verir ki, keçmiş nazirin ərizəsi müddətin bərpasıyla bağlı idi.
11 il azadlıqdan məhrum edilən Əhməd Əhmədov haqqında bu hökmü apellyasiya məhkəməsi qüvvədə saxlasa da, o, həmin qərardan vaxtında Ali Məhkəməyə şikayət verməmişdi.
Gecikməsinə baxmayaraq, sabiq nazir bu yaxınlarda Ali Məhkəməyə ərizə verib, ötürdüyü müddətin bərpasına nail olmaq istəyirdi.
Hakim Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, müddətin ötürülməsi üçün ərizədə göstərilən səbəblər üzrlü sayıla bilməz. Ona görə də ərizə təmin olunmayıb.
Sabiq nazir kassasiya şikayətində vurğulayıb ki, səhhətində ciddi problemlər var, bu səbəbdən xeyli vaxtdır müalicə müəssisəsində saxlanılır.
Əhməd Əhmədov 17 il (2000-2017) Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində işləyib.
O, 2020-ci ilin əvvəlində Bakıda həbs olunsa da, Naxçıvanda mühakimə edilib.
Xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və s. ittihamlarla təqsirli bilinən sabiq nazir 11 il azadlıqdan məhrum edilib.
Əhməd Əhmədovun adı müxtəlif qalmaqallarda, işgəncələrdə, 2010-cu ildə Naxçıvanda Bənənyar hadisələrində hallanırdı.