Almaniya İranın üç konsulluğunu bağlamaq istəyir

Almaniya İranın üç konsulluğunu bağlamaq istəyir

01-11-2024 17:46 / Bu xəbər 594 dəfə oxundu

Buna səbəb Almaniya vətəndaşının edamıdır

Almaniya hökumətinin İranın Frankfurt, Münhen və Hamburqdakı konsulluqlarını qapadacağı bildirilir. 

Almaniyanın xarici işlər naziri Annalena Berbok oktyabrın 31-də bu barədə danışıb. O bildirib ki, konsulluqların bağlanmasına səbəb Almaniya vətəndaşlığı da olan iranlı Cəmşid Şarmaxdın edam edilməsidir. Almaniyanın XİN rəhbəri baş verənləri "soyuqqanlı qətl” adlandırıb və İranın yeni rəhbərliyini qəddarlıqda ittiham edib. "Şarmaxdın edamı İrandakı rejimin dəhşətli rəzilliyini- şantaj, təhdid və zorakılıq olduğunu bir daha göstərir”, – nazir deyib.

İranın üç baş konsulluğunun bağlanması ilə 32 iranlı əməkdaş Almaniyanı tərk edəcək.

Diplomatik praktikada konsulluğun bağlanması xüsusilə sərt tədbir hesab olunur. Almaniya buna nadir hallarda müraciət edir. 

Sonuncu dəfə Almaniya 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz olaraq Rusiya baş konsulluqlarını bağlamışdı. 

Almaniya İranın baş konsulluqlarını bağlamaqla bu ölkə ilə diplomatik münasibətləri minimuma endirir. İranın Berlindəki səfirliyi və Almaniyanın Tehrandakı səfirliyi isə fəaliyyətlərini davam etdirəcək.

"Biz bilirik ki, başqa bir İran da var”, – deyən Berbok, öz ölkələrində azadlıq uğrunda mübarizə aparan iranlıları xatırladıb. "Ona görə də Tehrandakı səfirliyimiz xüsusi olaraq bu insanlar üçün işləyəcək, baş verənləri diqqət mərkəzində saxlayacaq, insan haqlarının vəziyyətini izləyəcək, viza verəcək və həbsdə olan vətəndaşlarımıza köməklik göstərəcək”, – XİN rəhbəri deyib.

Almaniyada 300 minə yaxın iranlı insan yaşayır. Almaniyadakı İran vətəndaşlarının pasportlarının verilməsi və ya yenilənməsi də daxil olmaqla konsulluq işlərini İran səfirliyi üzərinə götürəcək. İranın ədliyyə orqanları oktyabrın 28-də Cəmşid Şarmaxda qarşı edam hökmünün icra edildiyini açıqlayıb. 

Ən son ABŞ-də yaşayan İran əsilli alman 2020-ci ilin avqustunda İran hakimiyyəti tərəfindən saxlanılıb. Ailəsinin dediyinə görə, o, Dubay hava limanında istirahət zamanı İran agentləri tərəfindən qaçırılaraq İrana aparılıb. 

2023-cü ilin fevralında Şarmaxd ölüm cəzasına məhkum edilib. 

O, 2008-ci ildə 14 nəfərin ölümü ilə nəticələnən məscidə hücumda iştirakda günahkar bilinib. Şarmahd həmçinin İranda siyasi sistemi rədd edən və monarxiyanın bərpasını müdafiə edən "Tondar” müxalifət qrupuna rəhbərlik etməkdə ittiham olunurdu.