Almaniyada azərbaycanlı deportasiya ediləcəyi üçün özünü yandırıb

Almaniyada azərbaycanlı deportasiya ediləcəyi üçün özünü yandırıb

13-09-2019 18:28 / Bu xəbər 1042 dəfə oxundu

O, üzərinə benzin tökərək, özünü yandırıb

Almaniyadadan Azərbaycana deportasiya olunan daha bir nəfər özünə qəsd edib. "Leqat” İnteqrasiya Mərkəzinin yaydığı məlumata görə, o, Sumqayıt şəhər sakini 34 yaşlı Emil Bağırovdur.

Emil Bağırov Hermefkeil şəhərində məskunlaşdığı qaçqın düşərgəsində üzərinə benzin tökərək özünü yandırıb.

Məlumatda deyilir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən sığınacaq istəyi rədd edilən 34 yaşlı Emil Azərbaycana deportasiya edilməsi ilə bağlı məktub alıb. Bundan sonra o, Hermefkeil şəhərinin Sosial İdarəsinə (Sozialamt- red) gedib. İdarədə məmurlar ilə mübahisəsi düşüb. Nəticədə o, özü ilə gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. Emil Bağırovun yanıq xəsarətləri ağır olduğundan o, helikopter vasitəsi ilə Lüdviqshafen şəhərindəki xəstəxanaya çatdırılıb.

Hazırda xəstəxanada olan Emil Bağırovun durumu ağırdır.

Bu, son vaxtlar Almaniyadan deportasiya edildiyi üçün intihar edən ilk azərbaycanlı deyil. Daha öncə İbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən Hüseyn adlı azərbaycanlı özünü doğramışdı. Əslən Kəlbəcər rayonundan olan Hüseyn hər iki qolunu kəsmişdi.

Ondan öncə Almaniyanın Deggendorf şəhərində mühacir həyatı yaşayan Humay Məmmədova da deportasiya edildiyi üçün intihar etmişdi. O çoxlu dərman atmışdı. Xəstəxanaya çatdırılsa da, 15 gün ərzində öldü. Səhhətində problem olan qadının 9 yaşlı qızı qalıb. Avqustun 31-də isə 32 yaşlı azərbaycanlı qadın Almaniyanın Berlin şəhərindəki qaçqın yataqxanasının pəncərəsindən yıxılaraq ölmüşdür. Onun 8 aylıq hamilə olduğu deyilirdi.

2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Məlumatı Almaniyada fəaliyyət göstərən "Leqat” İnteqrasiya Mərkəzi yayıb. Bildirilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir."2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub. Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.

Meydan.tv