Almaniyadan deportasiya edilən daha bir azərbaycanlı həbs edilib
30-01-2022 04:30 / Bu xəbər 1529 dəfə oxundu
2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya edilən DAS təşkilatının üzvü Cəfər Mirzəyevin həbs edildiyi bildirilir.
Bu barədə jurnalist Əfqan Muxtarlı məlumat yayıb.
O bildirib ki, Cəfər Mirzəyevin qardaşının verdiyi məlumata görə, siyasi mühacir narkotik maddələrin satışında ittiham edilib.
Ailə üzvüləri Cəfər Mirzəyevlə görüşə bilməyib.
Bundan əvvəl Almaniyadan Azərbaycana deportasiya edilən Malik Rzayev və Mütəllim Orucov narkotik maddələrin satışında ittiham edilərək həbs edilmişdi.
Muxtarlı qeyd edib ki, M. Orucov və M. Rzayev məhkəmədə verdikləri ifadələrində həbs edilərkən işgəncələrə məruz qaldıqlarını bildiriblər: "Azərbaycan hökuməti Avropada siyasi fəaliyyəti olanlardan qisas alır. Yanvarın 28-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev alman həmkarı ilə görüşüb. Görüş barədə əvvəlcədən ictimayyətə xəbər verilməyib".
Jurnalist qeyd edib ki, bu görüşdə miqrantların geri qaytarılması məsələsi müzakirə edilib.
Onun sözlərinə görə, deport edilənlərin Azərbaycanda təqibə məruz qalması barədə Almaniya hökumətinin xəbəri var: "Amma əminəm ki, AlmaniyanınBaş prokuroru Penter Frank həbs edilən siyasi mühacirlər məsələsini müzakirə etməyib. Etmiş olsaydılar, növbəti mühacir həbs edilməzdi".
Muxtarlı bildirib ki, Cəfər Mirzəyevin deportu zamanı da qanunsuzluğa yol verilib.
Dediyinə görə, C. Mirzəyev Almaniya Miqrasiya Xidmətinin əməkdaşlarının təziqi ilə oturum ərizəsini geri götürüb: "Belə olan halda məcburi deport olmamalıdır. Ərizəsini geri götürən şəxs istədiyi ölkəyə gedə bilər. Amma Cəfər Mirzəyev məcburi şəkildə deport edilib. Belə qanunsuzluq niyə baş verir? Ona görə ki mühacirlərin düz-əmməli vəkil tutmağa imkanları yoxdur. Bundan da eninə-uzununa həm Almaniyada, həm də Azərbaycanda istifadə edirlər".
Hüquq mühafizə orqanları bu məlumatlar barədə hər hansı bir rəsmi açıqlama yaymayıblar.












