Almaniyadan qaytarılan AXCP üzvünə 7 il 6 ay həbs tələbi

Almaniyadan qaytarılan AXCP üzvünə 7 il 6 ay həbs tələbi

06-01-2023 17:46 / Bu xəbər 680 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Almaniyadan deportasiya olunandan az sonra həbs edilən Cəfər Mirzəyevə 7 il 6 ay həbs cəzası istənilib. 

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, AXCP fəalına qarşı narkotik ittihamı məhkəmədə sübuta yetirilib. 

Mirzəyev isə bu ittihamın yalan olduğunu, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz aksiyalarında iştirakına görə cəzalandırıldığını deyir.

O, məhkəmədə də bildirib ki, Ramanı qəsəbəsində mağazada alış-veriş edəndə saxlanılıb, həmin vaxt üstündə də heç nə olmayıb. 

Polis idarəsində işgəncəyə məruz qaldığını vurğulayan AXCP üzvünün sözlərinə görə, kamera görüntülərinə baxılsa, dedikləri təsdiqini tapar. 

Onun sözlərinə görə, idarəyə aparılanda üzərində xəsarət izi yox idi. Amma işgəncədən sonra narkotiklə bağlı etiraf videosu çəkiləndə sifətində xəsarət görünür.

Mirzəyev siyasi mühacir kimi Almaniyada oturum izni almaq istəsə də, 2021-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb və yanvarın 27-də Bakıda həbs olunub.

Altı nəfər həbs edilib

Son ilyarım ərzində Azərbaycanda Almaniyadan deportasiya olunanlardan altı nəfər həbs edilib. 

Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə ölkəyə qayıdandan dərhal sonra şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyi isə Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaları əsassız sayır.

"Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil, məsuliyyətdən yayınmaq məqsədi daşıyır", - nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna belə deyib.