Almaniyadan qaytarılan ictimai fəal aclığa başlayıb

Almaniyadan qaytarılan ictimai fəal aclığa başlayıb

21-04-2022 17:49 / Bu xəbər 2391 dəfə oxundu

Almaniyadan qaytarılandan sonra saxlanılan Samir Aşurov həbsinə etiraz olaraq aprelin 19-dan aclıq aksiyasına başlayıb.

Bu barədə aprelin 21-də S.Aşurovla görüşdən sonra vəkil Elçin Sadıqov məlumat yayıb: "Samir Aşurov bildirdi ki, aprelin 19-da xarici pasport alıb, ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulub. Qeyd etdi ki, evinə çatan vaxt, Neftçilər metrosu yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Samir onun əlindən çıxıb qaça-qaça "polis", "polis" deyə qışqırıb. Həmin vaxt polis dərhal Samiri tutub. Sonra gödəkcəsinin sağ cibinə bıçaq qoyublar". 

"O, bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. 24-cü Polis Bölməsində onu döyüblər. Sonradan Nizami rayon Polis İdarəsinə gətiriblər. Əlini cibinə qoyduğuna görə orada da döyüblər. Mən onunla görüşəndə sinəsində və gicgah nahiyəsində qançır izləri var idi", - Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, ictimai fəala qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi açılıb və onu 6 ildən 11 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyindən "Turan"a bildirib ki, iddialar anlaşılandır və müdafiə xarakteti daşıyır: "Cinayət əməlində təqsirləndirilən həmin şəxsin təzyiqə məruz qalması ilə bağlı iddiaların heç bir əsası yoxdur və tam əsassızdır".

S.Aşurov martın 29-da Almaniyadan readmissiya edilib.

Readmissiya - saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin mənşə dövlətinə qaytarılması deməkdir.