Almaniyanın səfiri: "Azərbaycanda ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışırlar"

Almaniyanın səfiri:

11-02-2021 15:45 / Bu xəbər 2429 dəfə oxundu

"Turan" agentliyinin Almaniyanın Azərbaycandakı səfiri Volfqan Maninqlə müsahibəsi:

Sual: - Hörmətli canab səfir, bu gün Azərbaycan və Ermənistan mətbuatı müharibəni təzəcə bitirən, amma hələ də sülh sazişi imzalamayan iki ölkənin ictimai rəyinə əhəmiyyətli təsir göstərir. Almaniya hökumətinin hər iki ölkə mətbuatının barışıq prosesinə cəlb edilməsi ilə bağlı ideyaları və ya layihələri mövcuddurmu?

Cavab: - Biz Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuatla əməkdaşlıq edirik, Ermənistanda Almaniya səfirliyindəki həmkarlarımız da oradakı KİV və QHT-lərlə əməkdaşlıq edirlər.

Biz Azərbaycan jurnalistlərinin və məsuliyyətini artırmaq məqsədi daşıyan layihə üzərində işləyirik. Mətbuat müstəqil olmalı və barışıq yollarının axtarışı məqsədilə azad müzakirələr təşkil etməlidir. Ermənistan mətbuatı da bunda iştirak etsə, bu, çox yaxşı və faydalı olardı.

Bu il bu layihəni həyata keçirə biləcəyimizə ümid edirik. İki ölkə nümayəndələrinini görüşməsi və bu məsələləri birgə müzakirə etməsi vacibdir.

Sual: - Siz artıq il yarımdır Azərbaycanda işləyirsiniz. Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır?

Cavab: - Azərbaycan kimi ölkələrdə mətbuatın maliyyə müstəqilliyi böyük problemdir. Bundan başqa, ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışırlar, azad reklam bazarı yoxdur. Bu vəziyyətdə jurnalistlər hakimiyyətdən asılı vəziyyətə düşür və onların azad mətbuat kimi fəaliyyəti çətinləşir. Eyni zamanda, jurnalistika biznes sahəsi kimi inkişaf edə bilmir.

Demokratik ölkədə hakimiyyət mətbuatın maliyyə müstəqilliyi üçün şərait yaratmalıdır. Şərqi Avropa ölkələrində analoji proseslər baş verir, bu ölkələrdə çap KİV-lərinə maraq azalır və internet-saytların və sosial medianın fəallığı artır.

ATƏT-in, Avropa Şurasının bu məsələlərin həllində müstəqil KİV-lərə dəstək göstərən institutları var. Buna görə bu cür əməkdaşlığın qarşısını alan qanunvericilik məhdudiyyətləri aradan qaldırılmalıdır. Mətbuat və vətəndaş cəmiyyəti xarici donorlarla işləmək imkanına malik olmalıdır.

Hakimiyyət bütün bu məsələləri nəzərə almalı və KİV-lərin və vətəndaş cəmiyyətinin maliyyə müstəqilliyini təmin etməlidir. Mövcud problemlərin aradan qaldırılması məqsədilə hakimiyyət və jurnalistlər arasında müzakirələr təşkil etmək, başqa ölkələrin təcrübələrindən istifadə etmək faydalı olardı. Azərbaycanda vəziyyət nadir deyil, bu cür problemlər başqa ölkələrdə də yaranır, buna görə onların həlli ilə bağlı kifayət qədər beynəlxalq təcrübə var. Biz öz tərəfimizdən təcrübəmizi bölüşməyə və kömək etməyə hazırıq. Bunun üçün feyk xəbərlərə, ədavət və düşmənçilik təzahürünə qarşı mübarizə aparmaq üçün dialoq və xoş məram zəruridir.

Sual: - Sizə elə gəlmir ki, azad mətbuatın mövcudluğu sadəcə olaraq qanunvericilik məsələsindən daha çox mövcud qanunların həyata keçirilməsi və ən əsası, hakimiyyətin siyasi iradəsinin olması ilə bağlıdır? Avtoritar rejimdə müstəqil mətbuat mövcud ola bilər?

Cavab: - Müstəqil mətbuat mövcuddursa, bu, o deməkdir ki, avtoritar rejim yoxdur. Deməli, mətbuat ictimai rəyə təsir edir. Siyasi sistem canlı orqanizmdir, proseslərdən, vətəndaşların hərəkətlərindən asılı olaraq dəyişə bilər.

Azərbaycanda ötən ilki parlament seçkilərini daha əvvəl keçirilən seçkilərlə müayisə etsək, sadəcə fərq deyil, irəliləyiş görünür, əhalinin fəallığını və hakimiyyətin addımlarını nəzərdə tuturam. Bu mənada sosial media çox böyük rol oynayır.

Bir çox keçmiş SSRİ ölkələrinin təcrübəsi göstərir ki, bu proseslərin qarşısını almaq olmaz. Bunu nəzərə almaq və vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə, sosial ədalətin və insan hüquqlarının təmin edilməsi də daxil olmaqla, bir çox məsələlərin həllində fəal köməkçi ola biləcəyini başa düşmək hakimiyyətin maraqlarına uyğundur. Bütün bu məsələlərdə mətbuat həddindən artıq mühüm rol oynayır.

Azərbaycanın beynəlxalq Mətbuat Azadlığı İndeksində son yerlərdən yuxarı çıxmasını istəyiriksə, yuxarıda deyilənləri həyata keçirmək lazımdır.

Bakı. 10.02.21