''Çalışmalıyıq ki, bu, nəyinsə sonunun başlanğıcı olsun''
17-03-2019 17:48 / Bu xəbər 1731 dəfə oxundu
Azadlığa çıxan fəallar prinsiplərinin dəyişmədiyini deyir
"Mən bu hakimiyyətdən heç nə gözləmirdim. Əslində, bir nəfərin yox, bütün ölkənin azadlığı vacibdir”.
Bu sözləri martın 17-də azadlığa buraxılmış gənc fəal İlkin Rüstəmzadə deyib.
O, 2013-cü ildə, "Əsgər ölümlərinə son!” aksiyasından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib.
Onunla birgə həbs olunanlar sonradan müxtəlif vaxtlarda əfv edilsə də, İlkin Rüstəmzadə 6 ildir həbsdə idi.
"Gec buraxılmağıma səbəb hakimiyyətin mənə xüsusi münasibəti ola bilər”, - deyə gənc fəal münasibətini açıqlayıb: "Mən demirəm ki, qaldığım yerdən başlayacam, yox, daha irəli gedəcəyəm”.
Eks-prezident Heydər Əliyevin büstünə "Qul bayramınız mübarək!” şüarı yazılandan sonra külli miqdarda narkotik maddə saxlamaq ittihamı ilə həbs oluna Bayram Məmmədov və Qiyas İbrahim də azad olunanlar arasındadır.
Bayram Məmmədov da azad olunacağını gözləmədiyini söyləyib: "Xüsusi bir dəyişiklik yoxdur, biz yenə mübarizə meydanındayıq. Həbsxana insanı möhkələdir deyirlər. Məndə də prinsipləri möhkəmləndirdi”.
Azad olunacağını gözləmədiyini deyən Qiyas İbrahim isə siyasi və vicdan məhbusu kimi tanınan digər dostlarının da azad olunmasını istəyir:
"Mən buna adaptasiya olmamışdım, amma fərqi yox idi. Həbsdə dostlarımız var, hər halda bizim buraxılmağımızla heç nə bitməyib. Çalışmalıyıq ki, bu, nəyincə sonunun başlanğıcı olsun. Ümid edirəm ki, bundan sonra ədalət bərpa olunar. Əgər biz buraxılmışıqsa, qarşımızdakı güc geri çəkilib, deməli, üstünə getməliyik. Biz kiçik divarların arasından çıxmışıq, böyük divarların arasındayıq”.
Qiyas İbrahim bildirib ki, əngəl yaratmasalar, təhsilini davam etdirəcək.
Ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verəndən sonra həbs olunan Rüfət Səfərov azad olunacağını gözləmədiyini deyib: "Çünki əfv ərizəsi yazmamışdım”.
O deyib ki, həbs həyatı onun prinsiplərində heç bir dəyişiklik etməyib: "Azərbaycanda demokratiya bərpa olunana qədər mübarizəm davam edəcək. Həbsdə olan insanların azadlığa çıxması üçün hüquqi imkanlarımdan istifadə edəcəyəm”.
2016-cı ildə həbs olunan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman da azad olunanlar sırasındadır. O, sevincinin bir az sönük olduğunu deyib: "Çünki Seymur Həzini içəridə qoyub gəldim. Təəssüf ki, onunla görüşə imkan vermədilər. Amma Seymur möhkəmdir".
Meydan.tv