AMEA: "Ramiz Mehdiyev ona böhtan atan şəxsləri məhkəməyə vermək üçün vəkil tutub"

AMEA:

10-09-2020 18:05 / Bu xəbər 1067 dəfə oxundu

"Akademik jurnalistə Fəzail Ağamalı və Maksim Musayevi ciddi qəbul etmədiyini deyib"

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlara cavab olaraq, "Təzadlar" qəzetinə verdiyi açıqlama ilə bağlı xəbərə aydınlıq gətirilib. 

Bu barədə AMEA-nın rəsmi saytında məlumat yayılıb.

Qurumun rəsmi açıqlamasında bildirilir ki, 10 sentyabr 2020-ci il tarixində "Təzadlar” qəzetində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılıb. 

"Xatırlatmaq istəyirik ki, 9 sentyabr 2020-ci il tarixində bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib. Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırılıb". 

"Bir daha bəyan edirik ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir", - açıqlamada bildirilir.