Amerikalı baş məsləhətçi Azərbaycandadır, Aİ də nümayəndə göndərir

Amerikalı baş məsləhətçi Azərbaycandadır, Aİ də nümayəndə göndərir

13-09-2022 16:43 / Bu xəbər 1051 dəfə oxundu

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.

Bu barədə sentyabrın 13-də ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək.

Bu gün həmçinin məlum olub ki, Avropa İttifaqı (Aİ) Azəbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar regiona göndərir. 

Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell açıqlama verib. 

"Avropa İttifaqı xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqaz məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında dürüst vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiq qalır. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar lazımi de-eskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında olan Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, - Borrell bəyanatında qeyd olunub.