Amerikalılarla əməkdaşlıq edən əfqanlara ABŞ-da sığınacaq veriləcək

Amerikalılarla əməkdaşlıq edən əfqanlara ABŞ-da sığınacaq veriləcək

09-07-2021 14:25 / Bu xəbər 2051 dəfə oxundu

ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ-ın Əfqanıstandakı missiyası avqustun 31-də başa çatacaq. 

Bu barədə iyulun 9-da "Radio Svoboda” xəbər verib. 

Məlumata görə, Co Bayden çıxışında bildirib ki, ölkəsi Əfqanıstana onun dövlətçiliyini möhkəmləndirmək üçün girməmişdi: "İndi gələcəyə doğru irəliləmək üçün əfqan liderlər  ortaq məxrəcə gəlməlidirlər".

Bayden öz vəzifəsinin icrasına başlayandan sonra Əfqanıstandakı bütün qoşunları sentyabrın 11-ə kimi, Nyu-York və Vaşinqtonda baş vermiş terror hadisələrinin 20-ci ildönümünə qədər çıxarmaq niyyətində olduğunu bəyan etmişdi.  Məhz həmin hadisələrdən sonra ABŞ Əfqanıstanda "Taliban” hərəkatına və "Əl-Qaidə” terror təşkilatına qarşı hərbi əməliyyatlara başlamışdı.

Bayden qoşunların çıxarılmasını uzatmamaq qərarını doğru hesab edir. 

"Sürət – təhlükəsizlikdir”, - deyə o, çıxışında bildirib. 

Bu bəyanat həmçinin "Taliban"ın hökumət qüvvələrinə qarşı hücumu fonunda verilib. Əfqan hərbçilərinin xeyli hissəsi Tacikistana çəkilib. 

Ölkənin şimalındakı geniş ərazilər isə "Taliban”ın nəzarətinə keçib. 

Bayden öz çıxışında Amerika hərbçiləri ilə əməkdaşlıq edən əfqanların və onların ailələrinin təhlükəsizliyi məsələsinə də toxunub. "Birləşmiş Ştatlarda sizin üçün ev var”, - deyə o qeyd edib. 

Prezidentin sözlərinə görə, xüsusi vizalar alan əfqanların Amerikaya gətirilməsinə artıq bu aydan başlanacaq. Bəzi əfqanlara isə üçüncü ölkələrə getməkdə yardım göstəriləcək.