"Amnesty International": Azərbaycan hökumətinin azadlıqlara qarşı təzyiqləri güclənib

25-04-2024 13:13 / Bu xəbər 618 dəfə oxundu

"Amnesty International" təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2023-cü ildə insan hüquqları pozuntularının geniş yayıldığını vurğulayır.

155 ölkəni əhatə edən hesabatda artan silahlı münaqişələrdə dövlətlər və silahlı qrupların tez-tez qanunsuz hücumlar və qətllər törətdiyi bildirilir.

Hesabat müəllifləri qeyd edir ki, bütün dünyada hakimiyyətlər ifadə, birləşmə və dinc toplaşma azadlıqlarına təzyiqlər etməklə, etirazçılara qarşı qeyri-qanuni güc tətbiq etməklə, hüquq müdafiəçilərini, siyasi rəqiblərini və digər fəalları əsassız yerə həbs etməklə, bəzən onlara işgəncə verməklə və başqa cür pis rəftar etməklə müxalif fikirləri sıxışdırır.

Hesabatın Azərbaycanla bağlı hissəsində ötən ilin sentyabrında Qarabağdakı hərbi əməliyyat nəticəsində etnik erməni əhalinin əksəriyyətinin bölgəni tərk etməyə məcbur qaldığı qeyd edilir.

"Amnesty International" Azərbaycan hakimiyyətinin hərbi qələbədən istifadə edərək öz idarəçiliyini daha da möhkəmləndirdiyini və tənqidçilərə qarşı təzyiqləri artırdığını bildirir.

Hesabata əsasən, ötən bir il ərzində hökumətin ifadə azadlığına qarşı təzyiqləri güclənib, dinc etiraz aksiyaları sıxışdırılıb, media orqanlarının və müstəqil təşkilatların işi əsassız olaraq məhdudlaşdırılıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar gördükləri işlərə görə həbs ediliblər.

Bu baxımdan sənəddə Bəxtiyar Hacıyevin və aprelin 22-də ev dustaqlığına buraxılan Qubad İbadoğlunun işləri vurğulanır. 

Bundan əlavə, ötən ilin sentyabrında Qarabağdakı əməliyyatlara qarşı tənqidi fikirlər səsləndirən fəalların inzibati ittihamlarla saxlanılması, Nurlan Qəhrəmanlı, Emin İbrahimov və Nemət Abbasova 30 sutka inzibati həbs cəzası verilməsi qeyd edilir.

Hesabat müəllifləri yazır ki, həmkarlar ittifaqı lideri Afiəddin Məmmədov beş ilə qədər həbs cəzası nəzərdə tutan qondarma ittihamla həbs edilib, noyabr və dekabr aylarında Azərbaycan polisi 13 nəfəri hakimiyyəti tənqidlərinə görə qondarma görünən ittihamlarla saxlayıb. 

Tanınmış müxalif siyasətçi Tofiq Yaqublu "sənəd saxtakarlığı” iddiası ilə həbs edilib.

"Abzas Media” hökumətə qarşı korrupsiya ittihamları barədə xəbər dərc etdikdən sonra təşkilatın direktoru Ülvi Həsənli və onun iş yoldaşları Sevinc Vaqifqızı, Nərgiz Absalamov və Məhəmməd Kekalovla birgə, araşdırmaçı jurnalist Hafiz Babayev qaçaqmalçılıq ittihamları ilə həbs edilib”, - hesabatda qeyd edilir.

Bununla yanaşı, hesabatda müstəqil jurnalistlər Teymur Kərimov, İbrahim Hümbətov, Ərşad İbrahimov, Əziz Orucov və Rüfət Muradlı, həmçinin fəallar Möhyəddin Orucov və İlhamiz Quliyev qanunsuz tikinti apamaqdan tutmuş, narkotik maddələrin qanunsuz saxlanması və reketçiliyədək müxtəlif ittihamlarla həbs edilməsi vurğulanır.

Hesabatda Azərbaycanda dinc toplaşma azadlığının vəziyyətinə toxunularaq qeyd edilir ki, hakimiyyət vətəndaşların dinc toplaşma azadlığını ədalətsiz şəkildə məhdudlaşdırmaqdadır.

Bu baxımdan ötən il iyunun 20-də polis Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin qızıl mədəninin planlaşdırılmış genişləndirilməsinə qarşı keçirdikləri dinc ekoloji etiraz aksiyasının zorakılıqla dağıdılmasından bəhs edilir.

Bildirilir ki, dinc etirazlar zamanı təxminən on nəfər yaralanıb, çoxsaylı etirazçı, habelə hadisələri işıqlandırmağa çalışan jurnalistlər saxlanılıb, kəndə giriş məhdudlaşdırılıb və yalnız yerli sakinlərin və hökumətyönlü media qurumlarının girişinə icazə verilib.

Hesabatda həmçinin Azərbaycanda qadınların siyasi qisas obyekti kimi hədəfə alınmaqla yanaşı, gender zəminində zorakılığın müxtəlif formaları ilə üzləşməkdə davam etdiyi bildirilir.

Rəsmi Bakı Amnesty International təşkilatının hesabatı ilə bağlı hələlik mövqe bildirməyib. Ancaq Azərbaycanın hökumət nümayəndələri adətən beynəlxalq təşkilatların tənqidi hesabatları ilə razılaşmır və onların qərəzli olduğunu bildirirlər. 

Azərbaycanlı rəsmilər bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini qeyd edirlər.