“Amnesty İnternational”: "Bəhruz Səmədov və digər hökumət tənqidçilərini azad edin"
03-09-2024 16:56 / Bu xəbər 726 dəfə oxundu
"Dünya liderləri hökuməti davam edən insan haqları pozuntularına görə cavabdehliyə çağırmalıdır”
Azərbaycanda bazar günü başa çatan növbədənkənar parlament seçkiləri ərəfəsi yenə jurnalistlər və fəallar hədəfə alınıb.
"Amnesty İnternational” insan haqları təşkilatı seçkiöncəsi saxlanılmalara diqqət çəkib.
Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib ki, Azərbaycan hökumətinin tənqidçiləri hədəf alan həyəcanverici yeni həbsləri diqqətdən kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyət bunu ən sərt şəkildə pisləməlidir: "Son iki həftədə seçki kampaniyası zamanı iki tanınmış sima saxta ittihamlarla saxlanılıb, digərləri təhdid və təzyiqlərə məruz qalıb. Jurnalistlərin və fəalların hədəfə alınması müxalif fikirləri susdurmaq və ifadə azadlığını, xüsusən də Ermənistanla sülhün tərəfdarı olanların səslərini boğmaq cəhdindən başqa bir şey deyi”.
Təşkilat əlavə edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının müşahidəçilərinin "məhdud siyasi və hüquqi mühit” adlandırdıqları şəraitdə Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə iki həftə qalmış bir neçə hökuməti tənqid edən şəxs saxlanılıb.
Avqustun 21-də araşdırmaçı və fəal Bəhruz Səmədov Azərbaycanın Dağlıq Qarabağ siyasəti və erməni fəallarla əlaqələri ilə bağlı tənqidi məqalələrinə görə həbs edilib və "dövlətə xəyanət” maddəsi ilə ittiham olunub.
"Bu, iyulda "dövlətə xəyanət”də ittiham olunan talış azlığının vəkili İqbal Əbilovun həbsinin ardıdır. Bu gün hər ikisi həbsdə qalır”, – bəyanatda vurğulanır.
Həmçinin qeyd olunur ki, avqustun 23-də Cənubi Qafqaza diqqət yetirən, Gürcüstanda yerləşən müstəqil media orqanı olan "OC Media”nın əməkdaşı və Bəhruz Səmədovun dostu Səməd Şıxı saxlanılıb və ertəsi gün sərbəst buraxılıb:
"”Facebook” səhifəsində o, Səmədovun Ermənistan vətəndaşları ilə əlaqələrini təsdiqləyib və bu, Səmədovu pisləmək kimi qiymətləndirilib, baxmayaraq ki, Səməd Şıxının bəzi dostları bunu təzyiq altında yazdığını söyləyib.
Avqustun 27-də "OC Media”nın digər əməkdaşı Cavid Ağa (Cavid Ağa) Səmədovun işi üzrə şahid qismində hava limanında saxlanılıb.
Avqustun 31-də İqbal Əbilovun vəkili Fariz Namazlı saxlanılıb, üç saat dindirilib və heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb”,– təşkilatın bəyanatında qeyd edilir.
Natalia Nozadze bildirib ki, Azərbaycan bu ilin noyabrında iqlim dəyişikliyi sammiti – COP 29-a ev sahibliyi etməyə hazırlaşır. Belə bir zamanda dünya liderləri hökuməti davam edən insan haqları pozuntularına görə cavabdehliyə çağırmalıdır: "Biz sırf insan hüquqlarını həyata keçirdiklərinə görə həbs edilənlərin hamısını dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq”.