“Amnesty International” Meydan TV-nin həbs edilmiş əməkdaşlarının müdafiəsi üçün kampaniyaya başlayıb

“Amnesty International” Meydan TV-nin həbs edilmiş əməkdaşlarının müdafiəsi üçün kampaniyaya başlayıb

10-01-2025 19:15 / Bu xəbər 37 dəfə oxundu

Beynəlxalq kampaniya martadək davam edəcək

"Amnesty International” Meydan TV-nin dekabrın əvvəlində  həbs edilmiş əməkdaşlarının azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniyaya başlayıb.

Təşkilat insanları Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərərək həbs olunan jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb etməyə çağırır.

"2024-cü ildə Bakı COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdikdən dərhal sonra – dekabrın 6-da MeydanTV-nin əməkdaşları Xəyalə Ağayeva, Aytac Əhmədova, Aynur Qənbərova, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadə və Bakı Jurnalistika Məktəbinin müdir müavini Ülvi Tahirov həbs olunub. Bu şəxslər "valyuta qaçaqmalçılığı” ittihamıyla saxlanılsalar da, bu ittihamlar onların jurnalist fəaliyyəti ilə bağlıdır və ölkədə digər tənqidi səslərə qarşı irəli sürülmüş ittihamlar kimi əsassız və siyasi motivlidir”, - təşkilatın məlumatında bildirilir.

Beynəlxalq kampaniya martadək davam edəcək.

Meydan TV-nin 6 əməkdaşı – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi və Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. 

Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. 

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.