"Amnesty İnternational" Myanma liderinə verdiyi mükafatı geri aldı

13-11-2018 18:53 / Bu xəbər 1650 dəfə oxundu

"Amnesty İnternational"  beynəlxalq hüquq - müdafiə təşkilatı Myanma lideri Aunq San Su Çiiyə verdiyi "Vicdan səfirliyi" mükafatını 8 il sonra geri alıb. 

Təşkilatın saytı yazıb ki, buna səbəb Suu Çiinin bir zamanlar müdafiə etdiyi dəyərlərə xəyanət etməsidir.

"Amnesty İnternational"ın baş katibi Kumi Naidoo Myanma liderinə yazdığı məktubda qeyd edib ki, bu gün artıq ümidin, cəsarətin və insan haqlarının müdafiəsinin simvolu olmadığınız üçün dərin təəssüf hissi içindəyik.

"Nobel" Sülh Mükafatının da sahibi olan Suu Çiiye "Vicdan səfirliyi" mükafatı 2009-cu ildə o, ev həbsində olarkən verilib. 

Hakimiyyəti dövründə Myanmada Arakan müsəlmanlarının zülmünə qarşı səssiz qalan, "Reuters" jurnalistlərini müsəlmanların öldürülməsini araşdırmaq üçün həbsxanaya göndərilməsini müdafiə edən Suu Çii, 2007-ci ildə Kanadanın fəxri vətəndaşlığından məhrum edilib.

İngiltərənin Oksford, İrlandiyanın Dublin bələdiyyələri 2017-ci ildə Suu Çiiyə verdikləri azadlıq nişanlarını geri alıblar. 

BMT-nin məlumatına görə, 25 avqust 2017-ci ildən sonra Arakandan qaçan və Banqladeşə sığınan müsəlmanların sayı 720 minə çatıb. 

Beynəlxalq hüquq müdafiə təşkilatları yaydıqları peyk görüntüləri ilə yüzlərlə kəndin məhv ediliyini sübuta yetiriblər. 

BMT və beynəlxalq insan haqları təşkilatları arakanlı müsəlmanlara qarşı repressiyanı "etnik təmizləmə" və ya "soyqırım" adlandırırlar. 

Pərvan Qurbanlı 
Toplum Tv