Amnistiya Aktı Milli Məclisə göndərildi: kimlərə şamil olunacaq?

Amnistiya Aktı Milli Məclisə göndərildi: kimlərə şamil olunacaq?

02-11-2021 17:26 / Bu xəbər 1081 dəfə oxundu

Qərar layihəsinin noyabrın 5-də müzakirəyə çıxarılacağı bildirilir

Milli Məclisdə Amnistiya Aktının qəbul olunacağı gözlənilir.

Bununla bağlı Prezident İlham Əliyev "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edib.

Həmin layihə artıq Milli Məclisə göndərilib.

Amnistiyanın kimlərə şamil olunacağına gəlincə, bura Qarabağ müharibələrində döyüşmüş insanlar daxil edilib.

Eyni zamanda, əfv müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına da şamil ediləcək: "Bundan əlavə, döyüş əməliyyatlarında iştirakla bağlı orden və medalla təltif olunmuş şəxslər, Xocalı soqyırımında əlillik qazanmışlar və ya həlak olmuş, itkin düşmüşlərin yaxın qohumları, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunan şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşən şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olan şəxslərin yaxın qohumlarına da əfv ediləcək”.

"Keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş, vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına da əfv şamil olunacaq. Bundan başqa, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, o döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər də əfv ediləcək”, – məlumatda qeyd olunur.

Amnistiya layihəsi keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslərə, onların yaxın qohumlarına, Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslərə də aid ediləcək.

"Cinayət törədərkən 18 yaşına çatmayan qadınlar, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər, qərar qüvvəyə mindiyi günədək 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər, öhdəsində (himyəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himyəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər də əfv ediləcək. Qərar qüvvəyə mindiyi günədək, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya şəxslərin yaxın qohumlarına da əfv şamil ediləcək”, – qərarda bildirilir.

Amnistiya Aktının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb. Bildirilir ki, qərar layihəsi qanunverici orqanın noyabrın 5-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılacaq.