ANAMA: "Azərbaycan ərazisində 9 584 mina zərərsizləşdirilib"

ANAMA:

19-03-2021 14:07 / Bu xəbər 2038 dəfə oxundu

7081 ədəd partlamamış hərbi sursatın zərərsizləşdirildiyi deyilir

2020-ci il sentyabrın 27-dən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16 586 032 kvadrat metr (1,586 hektar) ərazi yoxlanılıb, 9 584 ədəd piyada və tank əleyhinə minalar, 7 081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib. 

Məlumatı Minatəmizləmə Agentliyi yayıb.

Bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları aparılır: "Hazırda Bərdə-Ağdam, Füzuli (Horadiz)-Zəngilan (Ağbənd) dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir”.

Agentliyin məlumatına görə, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Azərbaycanın ermənilər yaşayan ərazisində ümumilikdə 1690 hektar ərazi, 525 kilometr yol, 1.613 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25 237 partlayıcı qurğu zərəsizləşdirilib.

"Turan"a danışan ekspertlər hesab edirlər ki, Azərbaycanın azad edilmiş ərazilərində 100 mindən çox mina var. Minalar əsasən düezənlik ərazilərdə, Tərtər, Ağdam və  Füzuli rayonlarınəın ərazilərində basdırlıb.

Azərbaycanın ermənilər yaşayan ərazisində Rusiya sülhməramlıları, Azərbaycanın nəzarətində olan ərazilərdə isə Minatəmizləmə Agentliyi Azərbaycan, Türkiyə və  Rusiya Müdafiə Nazirlikləri minatəmizləmə işlərini həyata keçirir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini təmin edib və ermənilərin nəzarətində olan bütün ərazilər qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.