“Anar Bağırovu tənqid etdiyimə görə 37 illik peşəmdən uzaqlaşdırıldım”

“Anar Bağırovu tənqid etdiyimə görə 37 illik peşəmdən uzaqlaşdırıldım”

03-06-2021 23:57 / Bu xəbər 1283 dəfə oxundu

Vəkillər Kollegiyasının rəhbərliyi isə Janna Bağırovanın vətəndaşların çoxsaylı şikayətlərinə görə cəzalandırıldığını bildirir

Vəkillik fəaliyyəti dayandırılan Janna Bağırova iddia edir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovu tənqid etdiyinə görə 37 illik peşəsindən uzaqlaşdırılıb. 

Bu barədə o, prezidentə ünvanladığı məktubunda yazıb.

Peşəkar vəkil kimi, hətta 2020-ci ilin yanvarında medalla təltif olunduğunu vurğulayan Janna Bağırovanın sözlərinə görə, həmin ilin avqustunda özünün də xəbəri olmadan Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına qərar verilib: "Səbəb isə Vəkillər Kollegiyasının sədrini tənqid etməyimdir. Vəkillər Kollegiyasının yeni rəhbərliyi fəaliyyətimə mənə təzyiqlər göstərir, vəkillik fəaliyyətimə qanunsuz müdaxilələr edir, işimi və şəxsiyyətimi aşağılamağa, onun-bunun sifarişi ilə işləyən vəkilə çevirməyə cəhd göstərirdi. Niyyəti baş tutmadığına görə qərəz və qisas nəticəsində işimi itirmişəm. Hətta mənə imkan verilmədi ki, məhkəmələrdə hüquqlarını müdafiə etdiyim insanların işlərini tamamlayım”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən ilin avqustda keçirilən iclasında Janna Bağırovanın vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. 

Vəkillər Kollegiyasından bildirilib ki, adıçəkilən vəkil haqqında vətəndaşlardan kollegiyaya çoxsaylı şikayətlər daxil olmuşdu. Həmin şikayətlər həm İntizam Komissiyasında, həm də Rəyasət Heyətində araşdırılıb və sonda belə bir qərar verilib.

Janna Bağırova özü də məhkəməyə müraciət edib. 

O gileylənir ki, məhkəmə iddiasına baxmır: "10 aydır ki, müxtəlif bəhanələrlə məhkəmə iddiaya baxa bilmir. Çünki Vəkillər Kollegiyasının sədri, eyni zamanda da Məhkəmə-Hüquq Şurasının  üzvüdür. Hakimlər də bundan ehtiyat edir”.(Meydan TV)