Anar Məmmədli: “Üçüncü Qarabağ müharibəsinin olmaması üçün çalışmalıyıq”

Anar Məmmədli: “Üçüncü Qarabağ müharibəsinin olmaması üçün çalışmalıyıq”

03-12-2020 17:15 / Bu xəbər 1315 dəfə oxundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, insan hüquqları müdafiəçisi Anar Məmmədli "Toplum TV”yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli və uzunmüddətli sülh üçün gələcəkdə atılacaq addımlardan danışıb.

- Anar bəy, Dağlıq Qarabağın gələcək statusunu necə görürsünüz?

- Dağlıq Qarabağın statusunun yaxın illərdə müəyyən olunacağına inanmıram. Görünən odur ki, bu məsələ ilə bağlı hələ uzun müddət müzakirələr gedəcək. Dağlıq Qarabağ kimi münaqişələr daha çox millətçilik və etnik separatizm zəminində ortaya çıxır və müasir dünyada belə münaqişələrin həllində ölkələrin ərazi bütövlüyünün əsas götürülməsinin tərəfdarıyam. Bu məsələdə də Azərbaycanın ərazi bütövlüyü hər şeydən önəmlidir. Sadəcə, bu prinsipin Ermənistan, xüsusilə də Ermənistan rəhbərliyi və diasporaları tərəfindən qəbul olunması vacib məsələdir. Ancaq bu prinsip qəbul olunsa belə, ermənilərin əldə edəcəyi status Avropa standartlarına cavab verən yerli özünüidarəçilik sisteminin qurulması və bu çərçivədə Qarabağ ermənilərinin mülki və inzibati idarəçiliyi, hüquqlarının təmin olunması həyata keçirilməlidir. 

- Uzunmüddətli barış üçün hansı addımlar atıla bilər? 

- Uzunmüddətli barışı bərqərar etmək üçün ilk növbədə tərəflər arasında son 33 ildə yaranmış bu konfliktlə bağlı ciddi araşdırmalar aparılmalı, barış üçün müxtəlif formalarda təmaslar olmalıdır. Hər iki tərəf bir-birinə qarşı etdiyi yanlış addımları etiraf etməli, etnik zəmində düşmənçilik aradan qalxmalıdır. Ermənilər "türklər bizi qıracaq” kimi yanaşmalardan, azərbaycanlılar isə "ermənilərlə qonşuluq mümkün deyil, ölkəni tərk etməlidirlər” fikirlərindən əl çəkməlidirlər. Eyni zamanda cəmiyyətin müxtəlif qrupları arasında təmaslar olmadan uzunmüddətli barışı təmin etmək çətindir. Ən önəmlisi isə siyasi xadimlər, dövlət rəhbərləri qızışdırıcı, etnik nifrəti alovlandıran açıqlamalardan yayınmalıdırlar. 

- Münaqişənin həllindən sonra azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə yaşaması nə dərəcədə realdır? 

- Hazırda bu barədə danışmaq çox çətindir. Çünki ortada uzun illər ərzində yaranmış konflikt var, insanlar bir-birinə nifrət edir. Bu nifrəti qısa birzamanda aradan qaldırmaq mümkün deyil. Bunun üçün görüləcək çox işlər var, icmalar arasında inteqrasiya olmalıdır. Xüsusilə ermənilərlə təmasda olacaq Qarabağ sakinləri arasında gələcəkdə inteqrasiya məsələlərinə baxılmalıdır. Daha sonra tranzitlə bağlı məsələlər, avtomobil yollarından istifadə, ticarət əlaqələrinin qurulması məsələsi də önəmlidir. Yəni bütün bunlar nəzərə alınaraq təmaslar elə qurulmalıdır ki, münaqişənin və etnik nifrətin aradan qalxmasına rəvac versin. Təbii ki, burada beynəlxalq vasitəçilik, xüsusilə də ATƏT-in hər iki ölkədə nümayəndəliklərinin olması çox önəmlidir. ATƏT unikal bir institutdur və bu münaqişənin həllində tərəflər arasında vasitəçi rolunu oynaya bilər. Qeyd etdiyim kimi, birgə yaşayışın təmin olunması barədə hazırda dəqiq tarix vermək olmur, amma buna doğru getmək lazımdır. Digər formada düşünmək artıq üçüncü müharibə deməkdir, bunun olmaması üçün çalışmalıyıq. 

- Birgəyaşayışa imkan verəcək şəraitin yaranması, vəziyyətin normallaşması üçün dövlət nə etməlidir və QHT-lər nə edə bilərlər?

- Birgəyaşayış üçün dövlət əvvəlcə şərtlər hazırlamalıdır. Əgər hər iki dövlət birgə yaşayış məsələsini prisip olaraq qəbul edibsə, buna uyğun addımlar atmalıdır. Bu prosesdə təkcə QHT-lər yox, hər kəs iştirak etməlidir. Siyasi partiyalar da, elm ictimaiyyəti də, intellektuallar da, media da töhvə verməlidir. Dünyanın heç bir yerində birgə yaşayışı QHT-lər təşkil etmir. Bunu dövlət təşkil etməli, cəmiyyət isə dəstək verməlidir. Eyni zamanda hər iki ölkənin diasporalarının üzərinə xüsusi iş düşür. Beynəlxalq təşkilatlar da bu işə cəlb edilməlidir. Təbii ki, vətəndaş cəmiyyəti təşkilarları da bu prosesdə hansısa şəkildə iştirak edə bilərlər. Lakin mənim düşüncəmə görə, hazırki şəraitdə dövlətin atmalı olduğu addım işğaldan azad olunmuş ərazilərdə tez bir zamanda inrastrukturu qurmaq, ticari-iqtisadi münasibətlər üçün zəmin hazırlamaq, avtomobil yollarının çəkilməsi, təbiətə dəymiş ziyanın bərpası ilə bağlı işlər görməkdir. Eyni zamanda orada bələdiyyə, icma təşkilatları kimi yerli institutları qurmaq lazımdır. Oraya insanlar köçürüldükdən sonra onların reabilitasiya və reinteqrasiya məsələlərinə xüsusi diqqət yetirilməlidir. 

- Bununla bağlı hər hansı təklifləriniz olubmu? 

- Mən bununla bağlı təklif də irəli sürmüşəm ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və reinteqrasiyası ilə bağlı dövlət komitəsi yaradılmalıdır. Artıq qaçqınlar və məcburi köçünlərlə bağlı dövlət komitəsinə ehtiyac yoxdur. Bunu ləğv edib, yerinə dediyim qurumu təsis etmək lazımdır. Çünki bundan sonrakı proses məcburi köçkünlərin evlərinə qayıtması, işğaldan azad edilmiş torpaqların bərpası, infrastrukturun təminatı, eyni zamanda reinteqrasiya məsələsidir.

Nigar Səmədli