Anar Məmmədli haqqında həbs qərarı verildi

Anar Məmmədli haqqında həbs qərarı verildi

30-04-2024 23:09 / Bu xəbər 906 dəfə oxundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları fəalı Anar Məmmədli haqqında həbs qərarı verilib. 

Aprelin 30-da Xətai Rayon Məhkəməsi onun istintaq dövründə həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimata baxıb və təmin edib. 

Məhkəmənin qərarıyla hüquq müdafiəçisi haqqında ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Anar Məmmədli ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamını rədd edib, bunun absurd olduğunu bildirib. 

Hüquq müdafiəçisi deyib ki, onun həbsinin səbəbi ölkədə baş verən qanunsuzluq və ədalətsizliklərə biganə qalmamasıdır. 

Anar Məmmədli siyasi sifarişlə tutulduğunu vurğulayıb.

Hüquq müdafiəçisinin vəkili onun haqqında çıxarılmış həbs qərarından apelyasiya şikayəti verəcək.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb. 

Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son 6 ayda ölkədə 20-dən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "Meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.