Anar Məmmədli: "Çözüm Ermənistan və Türkiyənin qarşılıqlı anlaşmasından asılı olacaq"

Anar Məmmədli:

25-04-2021 02:25 / Bu xəbər 2156 dəfə oxundu

"ABŞ prezidentinin bəyanatında erməni soyqırımı ilə bağlı hazırkı Türkiyə cəmiyyəti, dövləti və hakimiyyətinə yönəlmiş heç bir ifadə yoxdur. Əksinə keçmişin tənqidi, gələcəyə doğru çağırışlar var".  

Bunu hüquq müdafiəçisi Anar Məmmədli feysbuk hesabında yazıb.

"Nəzərə almaq lazımdır ki, belə sənədlər daha çox siyasi xarakter daşıyır, heç bir hüquqi öhdəlik və məsuliyyət yaratmır. Bunun üçün birinci dünya müharibəsinin iştirakçısı olan dövlətlər o zaman baş vermiş hərbi cinayətlərə dair beynəlxalq məhkəmə  keçirməli idi. Bunu isə 1918-21-ci illərdə həyata keçirmək olardı", - Məmmədli qeyd edib.

O bildirib ki, ümumiyyətlə, bu mövzunun qarşılıqlı ittihamlar olmadan çözümü erməni diasporaları və Ermənistan dövlətinin Türkiyə və onun cəmiyyəti ilə qarşılıqlı anlaşmasından asılı olacaq.

Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi qətliamını "soyqırımı" adlandırıb.

CNN-in məlumatına görə, Bayden həmin ifadəni "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib. O, 1915-ci il hadisələrini "soyqırımı" adlandıran ilk ABŞ prezidentidir.