Anar Məmmədlinin həbs qərarı qüvvədə qaldı
06-05-2024 18:47 / Bu xəbər 1025 dəfə oxundu
Hüquq müdafiəçisi ona qarşı irəli sürülən ittihamın saxta olduğunu deyib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli haqqında həbs qərarından apelyasiya şikayəti verilmişdi.
Şikayətə mayın 6-da Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmədə Anar Məmmədlinin özü də iştirak edib
Vəkilləri çıxışlarında hüquq müdafiəçisi haqqında Xətai Rayon Məhkəməsində çıxarılmış həbs qərarının əsassız olduğunu vurğulayıblar.
Müdafiəçilər bildirib ki, Anar Məmmədli haqqında həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas yox idi – onun konkret yaşayış yeri məlumdur, istintaqdan yayınmayıb və s.
Vəkilləri vurğulayıb ki, Anar Məmmədliyə münasibətdə həm yerli qanunvericilik, həm də ölkənin qoşulduğu İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyası pozulub.
Müdafiəçilər xüsusən Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusuna diqqət çəkiblər.
Onlar Anar Məmmədlinin təqsirsiz olduğunu, hüquq müdafiəçisi kimi, fəaliyyətinə görə cəzalandırıldığını bildiriblər.
Vəkillər Anar Məmmədli haqqında ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilməsinə dair Xətai Rayon Məhkəməsinin aprelin 30-da çıxardığı qərarın ləğvini istəyib. Onlar bildirib ki, Anar Məmmədlini həbsdə saxlamadan da istintaq aparıla bilər.
Hüquq müdafiəçisi özü də vəkillərinin dediklərini təsdiqləyib.
O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.
O əlavə edib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı saxtadır. Lakin müstəntiq Anar Məmmədlinin həbsdən buraxılmasına etiraz edib.
Deyib ki, onun azadlıqda qalması istintaqın gedişinə mənfi təsir göstərə bilər. Onun istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.
Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını, Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarının qüvvədə saxlandığını elan edib.
Anar Məmmədlinin vəkili Elmar Süleymanov Meydan TV-yə bildirib ki, müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcək.
Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb.
Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.
Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Son 6 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.