Anar Məmmədlinin səhhəti pisləşir
16-10-2024 15:17 / Bu xəbər 626 dəfə oxundu
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) direktoru, hazırda həbsdə olan Anar Məmmədlinin səhhəti gün-gündən pisləşir.
Məlumatı vəkil Elçin Sadıqov yayıb.
Vəkil oktyabrın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında Anar Məmmədli ilə görüşüb.
O deyir ki, Anar Məmmədlinin belində, boğazında ağrılar var: "Eyni zamanda baş hərlənməsindən də əziyyət çəkir. Anar Məmmədlinin səhhəti gün-gündən pisləşir. Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”.
Elçin Sadıqov deyib ki, yaxın zamanlarda Anar Məmmədlinin həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək.
Vəkilin dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib.
İbtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama yoxdur.
Adətən, istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır, amma bunlar hələ baş verməyib.
Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.
Anar Məmmədli aprelin 29-da saxlanılıb.
Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ səfirliyi Azərbaycan hökumətini Anar Məmmədlini və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir.
O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edirlər, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının "tam olaraq” təmin edildiyini vurğulayırlar.