Antiinhisarın inhisar kəndiri: hərə özünə tərəf çəkir...
15-07-2024 17:36 / Bu xəbər 639 dəfə oxundu
Natiq Cəfərli
İqtisadçı ekspert
Yaxın oturun, maraqlı söhbət var. Bu gün diqqətimi bir xəbər çəkdi: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Alliance Logistics” MMC və "Caspian Rail” MMC şirkətlərinin müraciəti əsasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nə 24 iyun 2024-cü il tarixində inhisarçılıq meyillərini əsas gətirərək 246 241 manat maliyyə sanksiyası tətbiq edib.
Əvvəl yaxşı mənada təəccübləndim ki, Dövlət Xidməti, deyəsən, nəsə iş görmək istəyir, amma məsələni araşdırarkən məlum oldu ki, eyni məzmunlu, eyni iddialarla Dövlət Xidməti ADY-i 2 il öncə cəzalandırıb, amma elə həmin vaxt da əlaqədar məhkəmə Dövlət Xidmətinin bir neçə bəndlik qərarını əsassız sayıb, ləğv edib və ADY-nin haqlı olduğuna hökm verib! İndi üzərindən 2 il keçəndən sonra eyni məzmunlu, eyni şirkətlərin iştirakı ilə, yenə eyni qərar verərək guya inhisarçılıqla mübarizə apardığını imitasiya edir.
Dünən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqqında yazmışdım – bu xidmət inhisarçılıqla mübarizədən başqa hər şeylə məşğul olur. Hətta Milli Fəaliyyət Planı da qəbul edib, amma inhisarçılıqla mübarizə üçün istək, prinsiplər, şəxsi, və ya qrup maraqlarından üstün durmağı bacarmaq kifayyətdir.
Azərbaycan qlobal logistik mərkəz olmaq üçün çalışır, böyük yatırımlar edilib, tərəfdaş dövlətlərlə müqavilələr bağlanıb, insafən, ADY bu yöndə xeyli iş görüb, taariflərin əlçatan, yükdaşımaların sürətli olması üçün yeni müqavilələr imzalanıb, xidmət keyfiyyəti artıb, infrastruktur layihələri sürətlə icra edilib. Təbii ki, çatışmamazlıqlar da var, zatən, iş olan yerdə bu mümkündür, amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda böyük inhisarçı meyilləri görmür, ADY-yə qarşı "Alliance Logistics” MMC və "Caspian Rail” MMC adlı şirkətlərin iddiasına görə məsələ qaldırıb cərimə kəsir.
Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olub, borcları olduğuna görə də sifarişlərindən imtina edilib. Yaxşı, ADY xeyriyyə təşkilatı deyik axı, Dövlət Xidməti, məgər bunu bilmir? Bəlkə, Xidmətin bu şirkətlərlə özəl münasibəti var?!
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xatırladım ki, məsələn, Qazaxstan Dəmir Yolları "psevdo-liberal” siyasət yürütdü deyə, bu gün bankrot səviyyəsinə gəlib, şirkət son illər 2 mlrd. dollara zərər edib, ümumi borcu 6,5 mlrd. dollar olub. İndi Xidmət istəyir ki, ADY də bu yolla getsin?!
Qazaxstan Dəmir Yollarını zərərə, borca salan elə ADY-na borclu olan şirkətlər kimi qurumlar olub, ADY vaxtında borca görə onlara imtina etməsəydi, bir müddət sonra borc yükü idarəolunmaz hala gələ bilərdi.
Dövlət Xidməti bunu başa düşmürmü, anlamırmı ki, bu gün fraqmentallaşan dünyada ölkəmiz üçün yeni logistik mərkəzə çevrilmək Orta Dəhlizin mərkəzi olmaq şansı yaranıb – öz dar maraqlarına görə bu böyük məsələni başa düşmürlərsə, deməli, Xidmətdirlər, amma Dövlət deyillər...