Antonio Banderas və Penelopa Kruz Bakı ekranlarında!
23-06-2022 13:23 / Bu xəbər 1809 dəfə oxundu
Bu gündən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində 2 eksklüziv filmin - "Əsas rol” və "Cinayət şəhəri-2”nin nümayişi başlayır.
Argentina və İspaniyanın istehsalı olan "Əsas rol” filmi 78-ci Venesiya Film Festivalının müsabiqə proqramı çərçivəsində təqdim olunub.
Rejissorlar Mariano Kon və Qaston Düpranın ərsəyə gətirdiyi filmdə baş rolları tanınmış aktyorlar Antonio Banderas və Penelopa Kruz oynayır.
Filmin süjet xəttinə gəlincə, şöhrətpərəst milyarder olan bir şəxs mükəmməl film yaratmaq və adını tarixə yazdırmaq üçün yola çıxır.
Ssenari "Nobel” mükafatı laureatının kitabıdır, rejissor dəbli və ekssentrikdir, əsas qəhrəmanı isə seks simvol, milyonların kumiri və dramatik aktyor yaradır.
Film şedevr olacaq, yoxsa problem?
Cənubi Koreya istehsalı olan "Cinayət şəhəri-2” filmi isə 2019-cu ildə çəkilən sensasiyalı "Parazit” filminin nümayişindən sonra ən qısa müddətdə Koreya kassasında 3 milyon tamaşaçı həddini aşmağı bacaran bir ekran əsəridir. Bu il filmin 3-cü hissəsinin də çəkilməsi planlaşdırılır.
Filmin rejissoru Li San-yöndür. Baş rolları Ma Don-sok, Son Sok-ku və Çxve Qvi-hva yaradır.
Filmdə xarizmatik əməliyyatçı Ma Sok-tonun xüsusi missiya ilə Taylanda göndərilməsindən bəhs edilir.
Orada polislər turistlərə hücum edən qaçaq cinayətkarı tapmalı və tutmalıdırlar. Amma ora çatanda yeni səbəblər aşkarlanır...
Hər iki filmi "CinemaPlus” kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.
Ülviyyə