Apelyasiya Məhkəməsi Əziz Orucovu həbsdə saxladı
02-07-2024 18:30 / Bu xəbər 665 dəfə oxundu
İyulun 2-də Bakı Apelyasiya Məhkəməsində "Kanal 13" İnternet- televiziyanın rəhbəri Əziz Orucovun həbs müddətinin uzadılmasından şikayətinə baxılıb.
Şikayət Orucovun və bu KİV-in əməkdaşı Şamo Eminovun həbs müddətinin daha 3 ay, sentyabrın 27-dək uzadılması ilə bağlı Səbail Rayon Məhkəməsinin 25 iyun tarixli qərarından verilib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, proses zamanı Orucov deyib ki, onun həbs edilməsi və həbsdə saxlanılması qanunsuzdur.
Jurnalist xatırladıb ki, əvvəlcə onu "özbaşına ev tikmək" ittihamı ilə həbs ediblər.
O qeyd edib ki, Azərbaycanda nadir hallarda belə işlərə görə kimisə cinayət məsuliyyətinə cəlb edirlər, üstəlik, heç kimi ilkin həbsə almırlar.
Orucov "xarici valyuta qaçaqmalçılığı" ilə bağlı ittihamların əsassız olduğunu deyib, bunun səhih sübutlarla təsdiqlənmədiyini bildirib.
Orucov deyib ki, cinayət işi saxtalaşdırılıb və o, jurnalist fəaliyyətinə görə təqib olunur. Lakin Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Vəkil Mehdiyev qeyd edib ki, həbs müddətinin uzadılması ilə bağlı müdafiə tərəfi jurnalistin həbsinə dair əvvəllər verilmiş şikayətə əlavə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə materiallar göndərmək niyyətindədir.
Bu iş üzrə digər müttəhim Şamo Eminovun apelyasiya şikayətinə iyulun 3-də baxılacaq, onun vəkili Elçin Sadıqov "Turan"a bildirib.
2023-cü ilin noyabr-dekabr aylarında Əziz Orucov və Şamo Eminov mütəşəkkil qrupun tərkibində valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər.
Onlar ittihamları rədd edərək həbsi jurnalist fəaliyyətilə əlaqələndirirlər.
"Sərhədsiz reportyorlar", "Beynəlxalq amnistiya", Avropa Jurnalistlər Federasiyası və digər yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları, eləcə də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Bakını müstəqil KİV-ə təzyiqləri dayandırmağa və həbsdə olan jurnalistləri azad etməyə çağırıblar.