Apelyasiya Məhkəməsi jurnalist Fərid İsmayılovu azad etməyib
25-01-2025 01:41 / Bu xəbər 133 dəfə oxundu
Yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi jurnalistin həbsdə saxlanılmasına zərurətin olmadığını onun səhhətində problemlərin olması və ibtidai istintaqın başa çatması ilə əsaslandırıb.
Vəkil qeyd edib ki, istintaq müddətində İsmayılov polis nəzarətində olub və polisə getməkdən yayınmayıb.
Bundan əlavə, ciddi sağlamlıq problemləri var və 7 cərrahiyyə əməliyyat keçirib.
Proses zamanı İsmayılov bildirib ki, jurnalist fəaliyyətinə görə həbs olunub, istintaqda ona irəli sürülən ittihamlar isə sübuta yetirilməyib.
"Ölkədən çıxmamışamsa, necə qaçaqmalçı ola bilərəm" , - o deyib.
Lakin məhkəmə şikayəti təmin etməyib.
2024-cü il martın 6-8-də "Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Yeddi nəfər qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edilib, iki nəfər polis nəzarətinə verilib.
Yanvarın 17-də onlara qarşı Cinayət Məcəlləsinin iqtisadi cinayətlərə dair 6 maddəsilə ittiham irəli sürülüb.
Polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.