"Aprel döyüşlərində ölsəydim, ailəm küçələrdə qalardı" - Prezidentə müraciət

12-02-2019 17:49 / Bu xəbər 2236 dəfə oxundu

Keçmiş zabit dövlət qurumlarından və sığorta şirkətindən narazıdır 

Azərbaycan ordusunun keçmiş zabiti, Şirvan şəhər Üzeyir Hacıbəyov küçəsi, ev 64 saylı ünvanda yaşayan Əhmədov Zaur Zakir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Zaur Əhmədov müraciətin mətnini Arqument.Az-a da təqdim edib. 

24 il Azərbaycan ordusunda xidmət etmiş zabit hüquqlarının tapdalanmasından narazılıq edir: "Cənab Prezident, bu işlə bağlı sizə bir dəfə müraciət etmişəm. Bildirirəm ki, 24 il Azərbaycan ordusunda xidmət etmişəm və Aprel döyüşlərinin iştirakcısıyam. Hazırda öz arzumla təqaüdə çıxmışam. Evim olmadığı üçün 12.08.2015-ci il tarixdə Şirvan şəhər Ü. Hacıbəyov kücəsində yerləşən 64 saylı evi ipoteka ilə aldım. Həmin tarixdə Xalq Sığorta mənimlə əmlaka dair sığorta müqaviləsi bağladı. Lakin 2017-ci ildə evin divarlarında böyük çatlar əmələ gəldi və getdikcə də artmağa başladı. Bu barədə Xalq Banka və Xalq Sığortaya bildirdim. Heç bir köməklik edilmədi, sığorta ödənişi üçün səbəb olmadığını bildirdilər". 
 
"Bütün dövlət qurumlarına müraciət etmişəm"

Zaur Əhmədov bundan sonra Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə müraciət edib: "Əvvəlcə ödənişli olduğunu bildirdilər. Sonra isə məktubuma cavab verdilər ki, sizin fərdi yaşayış evinizlə bağlı köməklik göstərilməsi səlahiyyətlərimiz xaricindədir. Bundan sonra məhkəmələrə müraciət etdim. Məhkəmələr də sığorta şirkətinin xeyrinə qərar qəbul etdi. Ali Məhkəməyə müraciət etmişəm, məhkəmənin vaxtı 15.02.2019-cu il tarixdədir. 22.06.2018- ci il tarixdə İpoteka Fonduna yazılı müraciət etsəm də, bugünədək cavab gəlməyib. 18.08.2018-ci il tarixdə sığorta müqaviləsinin vaxtı bitdikdən sonra Xalq Sığorta müqavilə bağlamaqdan imtina etdi. Bu məsələ ilə bağlı Milli Məclisə, Fövqəladə Hallar Nazirliyinə, Ramiz Mehdiyevə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və demək olar ki, bütün aidiyyati orqanlara  müraciət etmişəm. Lakin heç bir nəticə yoxdur. Sığorta müqaviləsi olmadığı üçün 4 (dörd) ay,  yəni sentyabr, oktyabr, noyabr və dekabr aylarının pulunu ödəyə bilmədim. İpoteka Fondu 10.12.2018-ci il tarixdə sığorta olunmadan qeyri-qanuni olaraq pulu ödəməyimi tələb etdi və Xalq Bankdan bildirdilər ki, əgər bir necə gün ərzində 4 (dörd) aylıq ödənişi 950 (doqquz yüz əlli) manatı ödəməsən fond pulu bizdən geri alacaq, bizdə evi səndən geri alacağıq. Mən də məcburiyət qarşısında qalıb borca, faizə pul taparaq ödənişi etdim". 

"Hara gedirəm deyirlər ki, get işinlə məşğul ol"

"785 manat təqaüd alıram. 2 banka verəcəyim 700 (yeddi yüz) manatı 12.12.2018-də, 250 (iki yüz əlli) manatı isə 17.12.2018-ci il tarixdə sığortasız, məcburi ödədim. Bayramda övladlarıma heç nə ala bilmədim. Bu üzdən uşaqlar yatandan sonra evə gəlirəm. Qışın bu günündə ev istilənmir, çünki hər yerindən külək keçir, yağış damır. Qaz pulu 199 manat yazmasına baxmayaraq ev istilənmir. Bu pulu necə ödəyim, bilmirəm. Sizə arxayın olaraq kecmiş hərbçi kimi özümə sığışdırmadım ki, mətbuata çıxıb problemimi ictimailəşdirim. Sizdən xahiş edirəm ki, mənə evlə bağlı köməklik edəsiniz. Sığorta şirkəti məhkəməsiz bu məsələni həll etməli olduğu halda imtina edərək bildirir ki, başa düşmədin pul düşmür. Neçə aylardır ki, İpoteka Fonduna, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Problemli kredit şöbəsinə gedib-gəlməkdən pulum qalmayıb. Hara gedirəm deyirlər ki, Xalq Sığortadır, get işinlə məşğul ol.  Bu vaxtadək evlə təmin olunmamışam və kirayə pulu da verilmir. Heç bir yerdə işləmirəm. 2 banka da borcluyam", - Zaur Əhmədov deyir.

"Körpələrimə nə cavab verim?"

Keçmiş zabit deyir ki, ailəsinin başqa sığınacağı yoxdur: "Xəstə anamın adına pul götürüb ilkin ödəniş etmişəm. Hələ də o borclardan qurtarmamışam. Ödənişlərimi də edə bilmirəm. Mən evi söküb təzədən tikim, yoxsa 20 il bundan sonra banka pul ödəyim? Ev əlimdən alınarsa, 24 il vətənə xidmət etmiş hərbi qulluqçu kimi qalmağa yerim yoxdur. Nə mənim, nə də ki həyat yoldaşımın atası var ki, onlara sığınaq. Hazırda qışda bu evdə yaşamaq çətindir. Çünki ev bərbad vəziyyətdədir. Ailəmin üzünə necə baxım? Körpələrimə nə cavab verim? Onları harada saxlayım, hansı pulla, evi söküb təzədən tikim və ya  ödənişim ödəyim. Mən belə sığorta şirkətlərinə necə arxayın olum? Aprel döyüşündə ölsəydim, indi ailəm küçələrdə qalardı. Niyə qanuna əməl etmirlər? Mənə evlə bağlı köməklik etməyinizi xahiş edirəm". 

Müraciətdəki fikirlərlə bağlı Xalq Sığortadan münasibət almaq mümkün olmayıb. 

Arqument.Az