Apteklərdə niyə dərman qıtlığı var? - Səhiyyə Nazirliyindən açıqlama

Apteklərdə niyə dərman qıtlığı var? - Səhiyyə Nazirliyindən açıqlama

12-10-2022 11:18 / Bu xəbər 794 dəfə oxundu

Səhiyyə Nazirliyi bir sıra dərmanların satışda tapılmamasına aydınlıq gətirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən oktyabrın 11-də verilən məlumata görə, "Adrenalin - Zdorovye”, "Adrenalin -Darnitsa”, "Penepin” və "Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

"İstənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər. Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir", - məlumatda qeyd olunub. 

Dünən Milli Məclisin iclasında deputat Rüfət Quliyev apteklərdən dərmanların tapılmamasına görə rəsmi qurumları tənqid etmişdi: "Bu gün bir aydan çoxdur ki, "Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. İkincisi, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. "Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov  isə açıqlamasında qeyd etmişdi ki, dərman qıtlığının səbəbi Rusiya-Ukrayna müharibəsidir. Deoutatın sözlərinə görə,  bu problemlər nəinki Azərbaycanda, bütün MDB məkanında hiss olunur.