Aqil Abbas: "Müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir"

Aqil Abbas:

02-04-2021 17:21 / Bu xəbər 2497 dəfə oxundu

Deputat Müdafiə Nazirliyinin hospitalını tənqid edib

"Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get özün al”.

Aprelin 2-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas belə deyib.

O bildirib ki, tez-tez mətbuatda qazilərin ciddi və düzgün şikayətləri dərc edilir: "Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsi ilə məşğul olmur? Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir!”

Deputat Fazil Mustafa da deyib ki, ayrı-ayrı məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmanın) çox sayda müraciətlər olur: "Əlilliyin təyin olunması müəyyən problemlərin ortaya çıxmasına rəvac verib. Yerlərdən xeyli narazılıqlar var. Bu narazılıqlar aradan qaldırılmalıdır”.

Müdafiə Nazirliyi deputat Aqil Abbasın söylədiklərindən təəssüflənərək deyilənləri subyektiv və əsassız adlandırıb.

Nazirlikdən report.az bildirilib ki, bu məsələ ölkə başçısının və Birinci vitse-prezidentin nəzarətindədir: "Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır. Millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə ictimaiyyətə öz razılığını ifadə edib. Aqil müəllimin diqqətinə çatdırırıq ki, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər".

"Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb. Yəqin, deputatımız məlumatsızdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq hərbi tibb müəssisələrinə baş çəkir, oradakı şərait və müalicə alan hərbi qulluqçularımızın səhhəti ilə maraqlanır, tibbi təminatın daha da keyfiyyətli həyata keçirilməsi ilə bağlı göstərişlər verir. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir”, - nazirlik açıqlamasında belə qeyd edib.

Nazirlik yaralılara əlillik dərəcəsinin verilməsinin onların səlahiyyətində olmadığını vurğulayıb.(meydan.tv)