Aqressiv bir imperiya ilə üz-üzəyik - Əvəz Qurbanlı

Aqressiv bir imperiya ilə üz-üzəyik - Əvəz Qurbanlı

13-11-2020 16:40 / Bu xəbər 771 dəfə oxundu

Əziz həmvətənlər!

Çox ağır sınaqlarla müşaiyət olunan tarixi bir dönəmdən keçirik. Belə bir məqamda baş verənlərdən düzgün və ciddi nəticə çıxarmaq bir vətəndaş olaraq hər birimizin borcudur.
Bəli, xalqımız, dövlətimiz, ordumuz Ali Baş komandanın rəhbərliyi, qardaş Türkiyənin də həlledici dəstəyi ilə tarixi qələbə qazandı. 

Qanımızla, canımızla, dişimizlə, dırnağımızla buna nail olduq! Bütün dünyanı heyrətə gətirəcək bir qələbədən söhbət gedir. Hər şeydən əvvəl, "məğlub xalq" diskomfortunu üzərimizdən birdəfəlik atdıq. Torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Son 30 ildə heç olmadığı kimi böyük uğurlar qazandıq. Lakin təəssüflər olsun ki, birmənalı qələbənin iki addımlığında ikən, rus qoşunları qəfildən, "sülhməramlı" adıyla, heç kəslə hesablaşmadığını nümayiş etdirərək, Dağlıq Qarabağa daxil oldu və bununla Azərbaycanın suverenliyinə əl qoydu. 

O cür ruh yüksəkliyinin, xalqımızın bu mötəşəm tarixi uğurunu bayram etməsinin ardından qəfildən belə bir arzuolunmaz vəziyyətin ortaya çıxması, situasiyanı olduğu kimi dərk edə bilən hər kəsdə soyuq duş effekti yaratdı. 

Vurğulamaq istəyirəm ki, heç kəs bu məsələdə dövlətimizi, ordumuzu günahlandırmır. Möhtəşəm birlik nümayiş etdirdik. Dövlətin də bacardığını etdiyinə şübhəmiz yox. Dağlıq Qarabağ münaqişəsində Rusiyanın nə dərəcədə həssas olduğu da heç kəsə sir deyil. Kim bilir, bəlkə o sənəd təcili olaraq imzalanmasaydı, situasiya hansı formada dəyişəcəkdi. Bunu hesablamaq çətindir. Faktiki olaraq, beynəlxalq hüququ heçə sayan aqressiv bir imperiya ilə üz-üzəyik.

Əziz həmvətənlər!

Bundan sonra, son savaşda nail olduğumuz birlikdən daha artığını əldə etməyə borcluyuq. Bu dəfə iqtidar-müxalifət baryeri tamamilə ləğv olunmalı, ölkənin siyasi rəhbərliyi istisnasız olaraq bütün müxalifətlə bir araya gəlməli, Vətənimizin düşdüyü bu çətin durumu müzakirə etməli, çıxış yollarını aramalı, buraxılan nöqsanları təhlil etməli, Azərbaycanımızın mənafeyi naminə bundan sonra atılacaq addımları birgə müəyyənləşdirməlidirlər.

Ölkə prezidentinin rəhbərliyi ilə baş tutacaq dialoqlar təşkil olunmalı, hakimiyyət təmsilçiləri, xalq içərisində ciddi nüfuzu olan Demokratik Qüvvələrin Milli Şurası da daxil olmaqla, bütün siyasi qüvvələrin, partiyaların, təşkilatların nümayəndələri, cəmiyyətdə nüfuzu olan ziyalılar və ictimai şəxslər bu dialoqlarda iştirak etməlidirlər.

Ehtiyac yaranarsa, Dövlət başçısının çağırışı ilə ümummilli mitinq elan olunmalı, yüzminlərlə vətəndaşımız küçələrə çıxaraq, suveren ərazimizə qeyri-qanuni müdaxilə etmiş rus qoşunlarının təcili olaraq ölkədən çıxarılması, əvəzində BMT Nizamnaməsinə uyğun olaraq, bölgədə marağı olmayan dövlətlərin iştirakı ilə yaradılmış sülhməramlı qüvvələrin münaqişə zonasına gətirilməsi tələb edilməlidir.

Əgər belə bir tarixi dönəmdə müstəqilliyimizin təhdid olunması şəraitində susqunluq və səhlənkarlıq etsək, bu, ən yaxşı halda asılı dövlət olmağımızla, ən pis halda isə müstəqilliyimizin əbədi olaraq itirilməsi ilə nəticələnə bilər. Babalardan əmanət aldığımız Üçrəngli Bayrağımızı, Cümhuriyyətimizi bütün varlığımızla qorumaq gələcək nəsillər qarşısında boynumuzun borcudur!

Əvəz Qurbanlı, şair-jurnalist