Araşdırmaçı jurnalist və iqtisadçı Bakı şəhəri Baş Polis İdarəsinə çağırılıb

Araşdırmaçı jurnalist və iqtisadçı Bakı şəhəri Baş Polis İdarəsinə çağırılıb

28-11-2023 17:51 / Bu xəbər 939 dəfə oxundu

Onların hər ikisinə çağırılmanın səbəbi deyilməyib

Araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Toğrul Vəliyev Bakı şəhəri Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. 

Bu barədə özləri məlumat verib.

Toğrul Vəliyev deyib ki, bu gün ona zəng edərək, saat 6-da BŞBPİ-nə dəvət ediblər. Səbəbi barədə məlumat verməyiblər.

Hafiz Babalı isə saat 3-də idarəyə dəvət edilib. Deyib ki, ona zəng edib idarəyə dəvət edəndə səbəbini açıqlamayıblar: "Motivi demədilər, mən də soruşmadım. "AbzasMedia”da dərc olunan çoxsaylı arasdırmaların müəllifiyəm və bunu gizlətmirəm”, – jurnalist əlavə edib.

Son günlər hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan "AbzasMedia” ilə bağlı kompromat xarakterli materiallar dərc edilir.

Həmin materiallarda Toğrul Vəliyev və Hafiz Babalının da adı hallanıb.

Jurnalist və iqtisadçının nə səbəbə BŞBPİ-yə dəvət edilməsi ilə bağlı bu qurumdan məlumat almaq mümkün olmayıb.

"AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

"AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. 

Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.

Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da "AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib.

Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və "AbzasMedia”nın ofisində axtarış aparılıb. 

Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı "qisas” adlandırıblar.