Araşdırmaçı: "Fazil Məmmədov Türkiyəyə 5 milyon dollar çıxarıb"

Araşdırmaçı:

08-07-2019 18:15 / Bu xəbər 1349 dəfə oxundu

Sabiq Vergilər naziri Fazil Məmmədov Türkiyəyə 5 milyon dollar çıxarıb.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbukda yazıb.

O qeyd edib: "Bir qədər əvvəl paylaşdığım statusla bağlı bəzi dəqiqləşdirmələr apardığım üçün məlumatı yenidən paylaşmaq məcburiyyətində qaldım. Deməli, Azərbaycandan ötən il külli-miqdarda vəsait çıxaran şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamlarıdır. 

Belə ki, 2018-ci ildə "AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev, keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı, "Synergy Group”un Müşahidə Şurası sədrinin müavini Fərid Hüseynov və Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin sabiq əməkdaşı Fərid İsayev (bir müddət Synergy Group-da çalışıb) Türkiyəyə 17,5 milyon lirə pul çıxarıblar. Türk lirəsinin o zamankı kursu ilə 5 milyon dollara yaxın...  

Belə ki, adı çəkilən şəxslər 2018-ci ilin sentyabrında 10 milyon türk lirəsi sərmayə ilə şərikli Fmg And Generatıon İnşaat Gayrimenkul Sanayi Ve Dış Ticaret Anonim Şirketini İstanbulda təsis ediblər. Şirkət hündürmərtəbəli binaların, ticarət mərkəzlərinin tikintisi ilə məşğuldur. Qeydiyyat ünvanı: Mimar Kemalettin Mah.Abıhayat Sk.Sırma Keş İşhanı No:10/101 Fatih.

İkinci şirkət isə bundan bir qədər əvvəl, yəni 2018-ci ilin martın 28-də 7 milyon 500 min Tl sərmayə və Vüsal Əliyevin təsisçiliyi ilə İstanbul Ticarət Odasında qeydiyyatdan keçirilib. Zerif İnşaat Turizm Gayrimenkul Sanayi Ve Ticaret Limited şirkəti inşaat, daşınmaz əmlak biznesi və turizm sektorunda fəaliyyət göstərir.

Bu şirkət də o biri ilə eyni ünvanda yerləşir: M.Kemalettin Mh.Abıhayat Sk. Sırma Keş İş Hanı No.10/101 Fatih.

Siyasi azadlıqların olmadığı ölkələrdə iqtisadi azadlıqlar olmur. İqtisadi azadlıqların olmadığı ölkələrdən isə vəsaitlər xaricə daşınır. Oğurlayırlar, sonra oğurladıqlarını dünyanın dörd bir yanına səpələyirlər".