“Araz Supermarket”ə 1 milyon dollardan çox maliyyə sanksiyası tətbiq edilib

“Araz Supermarket”ə 1 milyon dollardan çox maliyyə sanksiyası tətbiq edilib

09-05-2022 19:46 / Bu xəbər 2983 dəfə oxundu

Market bu qərarla bağlı yazılı cavab hazırlayır

"Araz Supermarket” MMC-yə haqsız rəqabətə görə 2 milyon 484,6 min manat (1 milyon 461 min ABŞ dolları) məbləğində maliyyə sanksiyası tətbiq edilib, həmçinin fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə etməmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində "Araz Supermarket” MMC-nin barəsində qərar qəbul edilib. 

Bu barədə Meydan TV quruma istinadən məlumat yayıb.

"Yeni il ərəfəsində "Araz” supermarketlər şəbəkəsi ən ucuz mağazalar şəbəkəsi seçilib” başlıqlı elanda malların qiymətləri, alış və ödəniş şərtləri ilə bağlı qeyri-dəqiq məlumatlar yer alıb. 

Eyni zamanda, həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. 

Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib. 

"Araz Supermarket” MMC-dən "Turan"a bildiriblər ki, Antiinhisar Xidmətinin bu qərarına yazılı cavab hazırlanır.

"Araz Supermarket” MMC 2011-ci ildə "Veysəloğlu” distribütor şirkətinin təsisçiləri Aydın Veysəloğlu, İlqar Talıbov və "Veysəloğlu”nun baş direktoru Bəxtiyar Allahverdi tərəfindən təsis edilib. 

Şirkətin ölkə üzrə 300-ə yaxın marketi, logistika mərkəzi və 6 mindən çox işçisi var.