Arif əmi

Arif əmi

24-11-2024 22:10 / Bu xəbər 644 dəfə oxundu

Fatimə Mövlamlı
 
H e k a y ə

Məhəllədən çıxıb üzü futbol meydançasına tərəf qaçırdım. Meydançaya sarı uzanan, pillələrini iki-iki düşdüyüm pilləkənin bir hissəsinin uçulub söküldüyünü unutmuşdum. Sol ayağım pilləkənin sökülən tərəfindən çıxan məftilə ilişdi və üzüstə yerə dəydim.  Əvvəl heç nə anlamadım. Hara qaçırdım? Niyə tələsirdim? Axırı necə oldu?

Arxası üstə çönüb üzümü günəşə çevirdim. Eləcə göyə baxırdım. Bu dəqiqə yapışdığım yerdən ayağa qalxmaq mənə dünyanın ən çətin işi kimi gəlirdi. Üzümdən boynumadək ilıq qan axırdı. Alnım yarılmışdı. Düşdüyüm vəziyyəti 6 yaşlı bir uşağa uyğun olmayacaq qədər sakit qarşılayır, hərəkət etmirdim.
Amma ətrafımdakı böyüklər mənim qədər sakit deyildilər. Hay-həşir səsləri beynimin içinə işləyirdi:

- Uşaq yıxıldı, uşaq yıxıldı. Ay Allah, üz-gözü qan içindədir. Get həkim çağır, - deyəsən, anamın səsi idi, atamı çağırırdı.

- Canı çıxaydı, yüz dəfə demişəm ki, erkək Fatma kimi ora-bura qaçmasın, - bu səs dəqiq atamın idi. Elə bilirdim ki, dünyada belə laqeyd ikinci bir adam yoxdu. Yaxud mən hələ beləsini tanımırdım.

Qəfil kimsə məni qucağına aldı. O məni təkcə yıxıldığım yerdən yox, atamın tənələrindən də xilas etmək istəyirdi.

- Qaç evdən pambıqla, yodu gətir, - Arif əmim az qala ağlaya-ağlaya arvadı Kəmalənin üstünə qışqırırdı. 

Özümü təhlükəsizlikdə hiss elədim. Danışmırdım, amma yaxşı olduğumu hiss etdirmək üçün gülümsəyirdim. Gücüm ancaq buna çatırdı.
Arif əmi məni həyətlərindəki skamyanın üstünə uzatdı. Kəmalənin gətirdiyi pambıqdan böyük bir parça götürüb yod şüşəsinin ağzına sıxdı...

Alınımı yodlu pambıqla təmizlədiyi vaxtkı simasını indi də xatırlayıram: üzünün hər qırışı narahatlıqla bükülmüş o uzunluqda kişi balacalaşıb mən boyda olmuşdu. 
Yaramı səliqə ilə təmizlədikdən sonra üstünü bintlə sarıdı. Elə bil mən də o bintə bənd imişəm. Bədənimə güc gəldi. Qalxıb əmimin tük basmış üzündən öpüb, boynunu qucaqladım. Mənim belə ayaqlandığımı görüb o da gülümsədi. Üzünün qırışları açıldı, boyu təzədən ucaldı...

Qəribədir, Arif əmini yada salanda həmişə bu hadisə yadıma düşür, amma həmin gün atamın "canı çıxaydı" tənəsindən başqa heç bir ifadəsini xatırlamıram.
Arif əminin onda hələ 40 yaşı vardı. Hündür, geniş çiyinli, qarayanız, hətta müəyyən qədər yaraşıqlı kişiydi. Üzü həmişə xəfif tüklü olardı.
Çoxdan içkiyə qurşanmışdı. Arvadı onun əlindən bütün gün gileylənir, ərinin əlindəki bütün pulu arağa verməsindən şikayətlənirdi. Düzü, haqsız da deyildi. Amma mən uşaq ağlımla əmimi o qədər yüksək bir yerə qoymuşdum ki, onu haqlı yerə və davamlı danlayan arvadını o ucalığa heç yaxın da buraxmırdım. 

Kəmalə bir gün Arif əmi evdən çıxıb içki dalınca gedə bilməsin deyə bütün şalvarlarını qonşunun evində gizlətmişdi. Amma içmək istəyi, ətrafın "nə deyər?" xofuna güc gəldiyindən Arif əmi arvadının uzun ətəklərindən birini geyinib evdən götürülmüşdü. Onu həmin vəziyyətdə məhəllədə görmüşdüm. Ətəyin bir tərəfini ovcunun içində bərk-bərk sıxaraq dükana tərəf qaçırdı. 

Geri qayıdanda əlində yarım litrlik ucuz bir araq, üzündə isə xoşbəxtlik vardı. Bayaqkı kimi ətəyini əlində yığıb sıxmırdı, kişinin bütün təlaşı yoxa çıxmışdı. İndi o qədər bəxtəvər idi ki, elə bil ən təbii halı elə bu idi. Daha əynindəki ətək də qəribə görünmürdü. Amma Arif əmini danlayan tək arvadı da deyildi. Elə bil bütün camaat onun üzünü danlamaqdan ötəri yarışa girmişdi. Qohumları onunla çox pis rəftar edirdilər. Heç o da kiminləsə yola getmirdi. Uşaqlardan başqa hamıya acıqlı idi, xüsusilə ailəsinə, qardaşlarına...

Kiçik qardaşı - atam yalançı və oğru olmaqla yanaşı, varlı qohumlarına yarınmaq üçün hər cildə girə bilən adam idi. Deyim ki, bu davranışları işə yarayırdı da. Əli pulla oynayırdı. Varlılar belə xəfif və onları açıq-aşkar yalan yerə tərifləyən adamları niyə mükafatlandırırdı? Açığı, başa düşmürdüm.

Ortancıl əmim isə bələdiyyədə kiçik bir vəzifəyə yiyələnmişdi. İşi-gücü rüşvət almaq idi. Bəzən elə işlər üçün rüşvət alırdı ki, qanunvericiliyin dili-ağzı olsaydı, üzünə ürəklə tüpürərdi. Bu əmimin pulla münasibətinin necə olduğunu deməyə ehtiyac yox idi hər halda. Nəsilin ən əxlaqsız, amma ən hörmətli adamı idi.

Arif əmi evin böyük oğlu olduğundan hələ orta məktəbdə oxuduğu vaxtdan ailənin bütün məsuliyyəti ona yüklənmişdi. İrili-xırdalı çox işə girmişdi. Bəzən əlinə böyük pullar qazanmaq üçün fürsət də düşmüşdü, amma bu pullar onun haqqı sayılmırdı. Ortancıl əmim kimi gözüyumulu, necə gəldi pul qazanmağı özünə sığışdırmır, "əlavə" qazanc dalınca düşmürdü. Maaşı nə idisə, qazancı da o idi. Di gəl ki, bu qazanc nə özü, nə də ailə üzvlərinin cəmi bir gün belə qayğısız yaşamağına imkan verirdi. Bəzən uşaqlarının məktəb xərcləri, bəzən də evinə bazarlıq eləmək üçün ata-anasından borca pul alırdı. Bunun ucbatından ailəsi onu fərsiz, qanmaz hesab edirdi. Digər qardaşlarını qınamağına, tez-tez dalaşmağına görə isə ailənin "çirkin ördək balası" özü idi. Hər məclisdən çıxdaş edilər, heç bir toyda başda əyləşdirilməzdi.

Bir səhər yuxudan həyətdə qopan bərk səs-küyə oyandım. Arif əmi ortancıl qardaşı ilə əlbəyaxa davaya çıxmışdı. Ortancıl əmim həmin səhər bir qadının evinin sökülməsinə səbəb olmuşdu. Hansı ki qadının öz torpaq sahəsində ev tikməsinə icazə vermək üçün rüşvət istəmiş, o isə bunu ödəməkdən imtina etmişdi.

Arif əmi də ortancıl əmimi həmişəki kimi hamının içində möhkəm pərt eləmiş, onu "rüşvətxor əclaf" adlandırmışdı.

- Sən düz olub neyləmisən? Yetimlərinə çörək almaq üçün atandan pul alırsan. Sən də özünü kişi hesab eləyirsən? Heç olmasa mən sənin kimi ailəmi dolandırmaq üçün heç kimə ağız açmıram, - ortancıl əmimin sol qaşının mən pilləkəndən yıxılan günkü kimi partlamasına səbəb olan bu cümlələr idi.

Atası onu Arif əminin əlindən güclə aldı. Arif əmi qəfəsə düşdüyünü yenicə dərk edən vəhşi heyvan kimi yerində vurnuxur, əlinin üst tərəfilə hələ yaş axmayan gözlərini silirdi. Bəlkə də, artıq ağlayırdı, amma biz onun içindəki hirs kimi, gözündəki yaşı da görə bilmirdik.

- Cəhənnəm ol, get evinə, - babam Arif əminin üstünə sonuncu dəfə qışqırdı. O da arxasına baxa-baxa evinə tərəf getməyə başladı. Sonra sakitlik oldu. Nə döyülən ortancıl əmimdən, nə bayaq hikkə ilə qışqıran atasından, nə kənardan pıçapıçla davanı şərh edən məhəllə qadınlarından səs çıxdı. Hərə öz evinə çəkildi.

Axşam Kəmalənin qışqırığı bütün həyəti bürüdü. Bundan sonra həyatımda nə həmin günorta olduğu qədər sakitlik, nə də o axşam eşidilən səs-küy kimi möhkəminə şahid oldum.

Kəmalə qışqıra-qışqıra nə isə danışır, amma hönkürtüsündən heç nə anlaşılmırdı. Handan-hana məlum oldu ki, Arif əminin yuxuda ürəyi dayanıb. Günorta evə qayıdandan sonra birbaş yataq otağına keçib, yatıb və bir də ayılmayıb. Bu qədər...

O an özümdən asılı olmadan gülümsədim: Arif əmi öldü. Daha heç kim onu aşağılamayacaq, qarasınca danışmayacaqdı. Elə indi ölüm xəbərini alıb ağlayan ata-anası və qardaşlarının ikiüzlülüyündən təkrar ürəyi bulanmayacaqdı.

Bir dəqiqə həyətdə dayanıb xəyalən onun xırda-xırda tüklənmiş və dodaqlarımı aşındıran üzündən öpüb, boynunu qucaqladım. Sonra evə girib yatağıma uzandım.

Həyətdəki qara qışqırığı qulaqardı edib yorğanı başıma çəkdim. Çöldən eşidilən hər nalə, hər ağı Arif əminin yerinə mənim də ürəyim bulandırırdı. 

O gün ilk dəfə beynimdə çək-çevir etdim ki, ölüm həm də insanın özünütəcrid halıdır. Deyəsən, Arif əmi də belə eləmişdi. Ölməmişdi, sadəcə, qaçıb yoxluğa çəkilmişdi. 

Gözlərimi o gün üçün sonuncu dəfə qırpıb bir də oyanmamaq üçün yuxuya getdim. Açığı, hara getdiyimi dəqiq bilmirəm, bəlkə, heç yuxu deyildi, özünütəcrid idi: hamıdan və hər şeydən...