Arif Hacılı: "Brüsseldə çıxışım müzakirələrə səbəb oldu"

Arif Hacılı:

23-06-2022 00:01 / Bu xəbər 750 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə Avropa Parlamenti "Renew Europe” qrupunun "Şərq Tərəfdaşlığı” mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edib.

Arif Hacıli özünün feysbuk səhifəsində yaydığı məlumatda bildirib ki,  onun çıxışı aşağıdakı tezisləri əhatə edib:

▫️İndi bütün siyasi tədbirlərin, siyasi diskussiyaların əsas mövzusu Rusiya-Ukrayna müharibəsidir. Bu təbiidir. Çünki, dünyanın, xüsusilə Avropa və postsovet məkanı ölkələrinin gələcək inkişafı, həmçinin Şərq Tərəfdaşlığı proqramının perspektivi bu müharibənin nəticələrindən asılıdır.

▫️Şərq Tərəfdaşlığı ölkələri Rusiya ilə Avropa, Rusiya ilə Qərb arasında seçim etməlidir. Bu həmçinin Azərbaycan və Ermənistana aiddir.

▫️Azərbaycanda aydın şəkildə dərk olunur ki, Rusiyanın bu müharibədə qələbəsi yalnız Ukrayna üçün yox, həm də Azərbaycan üçün böyük fəlakətlərə səbəb ola bilər.

▫️Rusiyanın Cənubi Qafqaza təsiri davam etdikcə bu reginonda davamlı stabillik olmayacaq.

▫️Qarabağ nizamlanması prosesi Kremlin nəzarətindən çıxarılmalı,
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində Avtopa İttifaqının təşəbbüsü ilə başlanan proses davam etdirilməlidir.

▫️İndiki Rusiya qonşu dövlətlərin suverenliyini, bütöblükdə dünya təhlükəsizlik sistemini təhdid edir. Odur ki, bu müharibədə Ukraynanın qələbəsinin təmin edilməsi, Rusiyanın hərbi təsir imkanlarının həlledici olaraq məhdudlaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilməli və genişləndirilməlidir.

▫️Avropanın enerji təhlükəsizliyi məsələsidə Rusiyanın əsas alternativlərindən biri kimi ciddi potensiala malik olan Azərbaycana diqqət artırılmalıdır.

▫️Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ildən müzakirədə olan sazişin tezliklə imzalanması istiqamətində səylər artırılmalıdır.

▫️Azərbaycanın Avropa ölkələri ilə viza rejimi sadələşdirilməlidir.

▫️Putin rejimi dünyada olan bütün avtoritar rejimlərin dayağıdır. Rusiyanın Ukraynaya təcavüzü yalnız ərazi iddiaları ilə bağlı deyil. Putini daha çox narahat edən məsələ Rusiyanın sərhədlərində seçkili demokratiyaya, gerçək hakimiyyət bölgüsünə əsaslanan azad Ukrayna dövlətinin yaranması idi.

▫️Bu baxımdan Ukraynada davam edən müharibə, həm də avtoritar düşüncə ilə demokratik dəyərlər arasında gedən müharibədir.

▫️Bu müharibədə Ukraynanın tərəfində olanlar, Rusiya ilə qonşu ölkələrdə, həmçinin Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizə aparan qüvvələrə dəstək verməlidir.

"Azərbaycanda əsas insan hüquqları və azadlıqlar, sərbəst toplaşma, söz və ifadə azadlığı, siyasi məhbuslar, yerli və ali hakimiyyət orqanlarına seçkilər sahəsində olan problemlərdən danışdım. Çıxışım maraqla qarşılandı və sonrakı natiqlərin çıxışlarında müzakirə mövsuzu oldu”, – deyə Müsavat başqanı özünün feysbuk səhifəsində qeyd edib.(Bastainfo)