Arif Hacılı: “Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular"

Arif Hacılı: “Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular

05-10-2019 17:06 / Bu xəbər 1321 dəfə oxundu

Oktyabrın 5-də Müsavat Partiyasının başqanı Arif Hacılı Cəlilabad rayonunda qurultay nümayəndələrilə görüş keçirərkən polisin və mülki geyimli şəxslərin hücumuna məruz qaldığını deyib.

Bu barədə Arif Hacılı feysbukda məlumat yayıb.

Arif Hacılı "Basta”ya isə deyib ki, polis və mülki geyimli şəxslər qarşıdurma yaradıblar: "Burada yerli təşkilatın qərargahında Cəlilabad, Masallı və Biləsuvar rayonundan olan 70-dən artıq müsavatçının iştirakı ilə toplantı keçirirdik. Mən qurultay nümayəndələrinin qarşısında təqriban yarım saat çıxış etdim. Bu zaman qərargaha 20-dən artıq polis və mülki geyimli şəxslər daxil oldu. Onlar görüşü dayandırmağımızı və rayonu tərk etməyimizi tələb etdilər. Bildirdim ki, tələb qanunsuzdur. Polislər müsavatçıları  qərargahdan çıxarmağa çalışdılar. Qarşıdurma şəraitində çıxışımı sona çatdırdım”, – deyə Arif Hacılı bildirib.

Müsavat başqanı qeyd edib ki, qərargahdan çıxdıqdan sonra onlara polis və mülki geyimli şəxslər hücum edib: "Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular. Müsavat fəallarında bir neçəsi saxlanıldı”. 

O, hadisəni Azərbaycan hakimiyyətinin narahatçılığında doğan özbaşınalıq kimi qiymətləndirib: "Hakimiyyət nəinki Azərbaycanın genəlində, hətta bir partiyada demokratik seçkilərin keçirilməsini istəmir, çünki demokratik seçkidən qorxur”.

Cəlilabadda Müsavat başqanının müşaviri Hidayət İsmayılov, rayon təşkilatının sədri Azər Əsgər, NTK sədri Akif Bədirli və Şura üzvü Rüstəm Rüstəmov saxlanıldıqdan sonra polis şöbəsinə aparılıblar.

Hidayət İsmayılov bildirib ki, polis onlara görüşlə bağlı suallar verdikdən sonra sərbəst buraxıb: "Hazırda yalnız Akif Bədirli polisdədir, onun da sərbəst buraxılacağı gözlənilir. Məndən izahat istəsələr də, izahat verməkdən imtina etdim. Bildirdim ki, bizim görüşümüzə belə zorakılıqla müdaxilə edilsə də, tədbirimiz baş tutdu”.

Polis Arif Hacılı ilə görüşdən qayıdan Masallı müsavatçılarını da saxlayıb. 

Bu barədə isə müsavatçı Tərlan Abbaszadə arqument.az-a məlumat verib.

O bildirib ki, partiyanın rayon təşkilatının sədri Allahverdi Rəhimli, partiya üzvləri Ramiz Abdulla, Bayraməli Abdullayev, Tərlan Abbaszadə və Yasər Məcidov yolda polis tərəfindən saxlanılıb: "Əvvəlcə, bizə polis bölməsinə aparılacağımız deyilsə də, sonradan sənədlərimizi yoxlayıb sərbəst buraxdılar".

Müsavat Partiyasının 9-cu qurultayı oktyabr ayının 12-də keçiriləcək.