Arif Hacılı: "Müsavat seçkinin nəticələrini tanımır"

Arif Hacılı:

12-04-2018 14:48 / Bu xəbər 2572 dəfə oxundu

"Seçkilər qeyri-demokratik şəraitdə keçirilib və Müsavat Partiyası növbədənkənar prezident seçkisinin nəticələrini tanımır". 
 
Bunu Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfransında partiyanın başqanı Arif Hacılı deyib. 

O bildirib ki, 2018-ci il 11 aprel tarixində keçirilən seçkilər azad və ədalətli olmayıb. 

A. Hacılının sözlərinə görə, növbədənkənar prezident seçkilərinin nəticələri xalqın azad iradəsini ifadə etməyib və antidemokratik seçki mühitində baş tutub. 

Müsavat başqanı jurnalistlərin suallarını da cavablandırıb.

Konfransın sonunda Müsavat Partiyasının 11 aprel 2018-ci ildə keçirlən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı rəyi media nümayəndələrinə təqdim edilib: 

Sənəddə deyilir: 

"2018-ci il 11 aprel tarixinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri hər hansı siyasi zərurət olmadan, bu barədə hər hansı izahat verilmədən təyin edilib. Azərbaycan Respublikasının Preziedent adından verilən 5 fevral 2018-ci il tarixli Sərəcamın Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi əsasları olmadığından bu seçkilər hüquqi baxımdan qanunlara, seçki hüquqlarına ziddir. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar Prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və səbəb göstərilməyib.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-xi il 11 aprel tarixində Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri keçirilməsi barədə 6 fevral 2018-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, MSK növbədənkənar seçkilərin təyini qərarını öz müstəqil ali qurumunun səlahiyyətləri əsasında deyil, prezidentin Sərəncamına və Seçki Məcəlləsinin 179.2-ci maddəsinə istinad etməklə verib.

Növbədənkənar Prezident seçkilərinin qəflətən elan edilməsi səbəblərinin inadla  açıqlanmaması da bu seçkilərin zəruri, əsaslı, vacib olmadığını təsdiq edir.

Seçki Məcəlləsinə görə, seçici siyahıları səsvermə gününə 25 gün qalmış dəqiqləşdirilməli olduğu halda Mərkəzi Seçki Komissiyası bu Məcəlləsinin "Seçicilərin siyahılarının tərtib edilməsi” haqda maddəsini pozaraq növbədənkənar seçkilərin aprelin 11-də keçirilməsi barədə qərar verib.

 MSK-nın təqdim etdiyi seçicilərin siyahılarındakı rəqəmlərlə Dövlət Statistika Komitəsinin ölkədə 18 yaşı tamam olan seçki hüquqlu vətəndaşların sayı arasında 1,9 milyon nəfər fərq yaranıb. Seçici siyahılarındakı seçicilərin sayının azadılması, həm də seçki günü seçici aktivliyinin faizinin artırılmasına hesablanıb.

Keçirilməsinin vacib olduğu, bunu yaradan səbəblərin açıqlanmadığı, yalnız bir namizədin seçkiyə gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçkilərin elan olunması cəmiyyətin seçkilərə köklənməsi, seçki islahatlarının aparılması üçün müxalifətin təkliflərinin qəbul edilməsinin, demokratik seçkiqabağı siyasi mühitin yaranmasının qarşısını almaqla, həm də  fraktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olması üçün rəqabətsiz şərait yaratmağa xidmət edib.

Müsavat Partiyası hesab edir ki, 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri heç bir əsaslandırılma olmadan, Azərbaycan xalqını məlumatlandırmadan qeyri-demokratik şəraitdə keçirilib, azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait, demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu rəqabət imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib.

SEÇKİQABAĞI MÜHİT

Azərbaycan hakimiyyəti ölkədə təkpartiyalı və bir ailənin nəzarəti altında olan siyasi sistem yaratmaq istiqamətində fəaliyyətini növbədənkənar Prezident seçkiləri ərəfəsində də davam etdirib. Son Parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst fəaliyyətinə növbədənkənar Prezident seçkiləri ərəfəsində də imkan verilməyib. 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə hakimiyyətin bir ailənin əlində cəmlənməsi mərhələsi davam edib.

Vətəndaşların sərbəst toplaşmaq hüququ, demək olar ki, ləğv edilib. Müxalifət partiyalarının, ictimai təşkilatların yürüşlər, mitinqlər, piketlər keçirmək üçün müraciətləri qeyri-qanuni olaraq rədd edilib. Mitinqlərin keçirilməsi üçün Bakı şəhərində yalnız bir yer – yarımqapalı şəkildə olan "Məhsul” stadionunda icazə verilib.

Müstəqil mətbuat sıradan çıxarılıb. İndi Azərbaycanda müstəqil və müxalifət qəzetləri yoxdur. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır. Hakimiyyət müxalifyönlü saytları belə bloklamaqda davam edir. "Meydan TV”, azadlıq.info, azadlıq.org, azerbaycansaati.com, abzas.net və "Turan TV” məhkəmənin qərarı ilə Azərbaycanda yayılmasına qadağa qoyulub. Müsavat Partiyasına informasiya dəstəyi verən bastainfo.com saytının rəhbərləri tez-tez polis və prokurorluğun təzyiqləri ilə üzləşir. Sayt, demək olar ki, hər gün haker hücumlarına məruz qalır.

Azərbaycanda fəaliyyət göstərən siyasi və ictimai təşkilatların, eyni zamanda, beynəlxalq qurumların ardıcıl və uzunmüddətli səylərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll edilməyib.

Ölkədə 150-dək siyasi məhbus var. Onların bir çoxu "Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.

Ölkədə fəaliyyət göstərən televiziya kanalları Azərbaycan haklimiyyətinin təbliğatı, müxalifətə qarşı isə əks-təbliğat fəaliyyəti ilə məşğuldur. Azərbaycan ictimaiyyətinin və Avropa Şurasının tələbləri ilə yaradılmış İctimai Televiziya ölkədə siyasi plüralizmi təmin etmək əvəzinə, faktiki olaraq, ölkədə mövcud olan digər televiziya kanalları kimi iqtidarın təbliğatı və kommersiya fəaliyyəti ilə məşğuldur. Müsavat Partiyasının bu kanaldan həftəlik 30 dəqiqə vaxt ayrılması tələbinə razılıq verilmir.

SEÇKİ QANUNU

Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri yerinə yetirilməyib. Seçki komissiyalarının formalaşması, seçkilərin və səsvermənin təşkili, səslərin sayılması prinsipinin, şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi həyata keçirilməyib, seçki komissiyalarındakı vəzifələrin və müşahidənin təşkili ilə bağlı olan qüsurlar yerli siyasi və ictimai təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan qaldırılmayıb. Bunun nəticəsində MSK-a da daxil olmaqla, bütün seçki komissiyaları faktiki olaraq  həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq qalıb.

Seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar tərəfindən neqativ dəyişikliklər kimi dəyərləndirilib. Belə ki, seçki kampaniyası dövrü əvvəlcə 120 gündən 75 günədək, təbliğat kampaniyası dövrü isə 60 gündən 28 günə endirilib, sonra isə seçki kampaniyası dövrü 75 gündən 60 günə, təşviqat kampaniyası dövrü isə 28 gündən 21 günə endirilib. Prezidentliyə namizədlərin televiziya vasitəsilə təkbaşına birbaşa çıxışlarının ləğv edilməsi, təşviqat materiallarının yayılmasının məhdudlaşdırılması, namizədlərin qeydə alınmasının qarantiyası olan seçki depozitinin qoyulması qaydasının qanundan çıxarılması, namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi və digər dəyişikliklər hakimiyyət namizədinin alternativi olan namizədlərin təbliğat imkanlarını ciddi surətdə məhdudlaşmasına səbəb olub.

SEÇİCİ SİYAHILARI

2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçici siyahıları ciddi qüsurlarla tərtib edilib.

Hakimiyyətin seçkiləri saxtalaşdırmaq səylərini ölkədəki seçicilərin sayı ilə bağlı MSK ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdəki fərq də təsdiq edir. MSK-nın məlumatına görə, hazırda ölkədə 5,2 milyona yaxan seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə – 7,2 milyona yaxın seçici var. Seçici siyahılarındakı seçicilərin sayının azaldılması seçki günü seçicilərin iştirak faizinin artırılmasına yönəlik addımdır. Belə ki, 5,2 milyon seçicinin 50%-i 2,6 milyon seçici deməkdirsə, 7,2 milyon seçicinin 50%-i 3,6 milyon seçici deməkdir.

Seçici siyahılarına Azərbaycanı uzun müddətə tərk edən 100 minlərlə Azərbaycan vətəndaşlarının da adları daxil edilib, bu da seçkilərin nəticələrinin saxtalaşdırılması üçün geniş imkanlar yaradır.

* * *

Seçki kampaniyasının gedişində və seçki günü bir sıra qanun pozuntuları və saxtakarlıqlara yol verilib. Namizədlərin irəli sürülməsi və imzaların toplanması  mərhələsində rəsmi təşviqat kampanıyası başlanmazdan əvvəl yazıçılar və müxtəlif sənət adamlarını birləşdirən, dövlət büdcəsindən maliyyələşdirilən bir çox təşkilatlar tərəfindən hakimiyyət namizədinin təbliğatəna start verilməsi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dindarlara seçkilərdə İlham Əliyevə səs verilməsinin təşkil edilməsi barədə rəsmi göstərişi Seçki Məcəlləsinin  kobud surətdə pozulması olsa da, MSK bu hallarla bağlı  qanuni qərarlar qəbul etməyib. Seçki günü bir seçicinin iki və daha artıq seçki məntəqəsində səs verməsi halları kütləvi xarakter alıb. Yerli jurnalistlər və blogerlər tərəfindən seçki bülletenlərinin seçki qutularına topa halında atılması faktları qeydə alınıb. Büdcə təşkilatında çalışan vətəndaşlar seçkilərdə iştirak etmək üçün qeyri-qanuni olaraq iş yerlərinə çağırılıb. Seçki saxtakarlıqları və qanun pozuntularını qeydə almağa çalışan jurnalistlərə, blogerlərə təzyiq göstərilib.

Seçicilərə öz istəklərinə uyğun səs vermək üçün imkan yaradılmayıb. Seçicilərin bir qismi seçki məntəqələrinə məcburi şəkildə, işdən azad olunmaq və digər təhdidlərlə gətirilib, seçki günü iqtidar namizədinə səs verilməsi təbliğ olunub.

Seçkilərdə administrativ resursun hüdudsuz iştirakı, qanun pozuntuları və saxtakarlıqlar seçkilərin nəticələrinin müəyyənləşməsində həlledici rol oynayıb. 

HƏTİCƏ

2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Növbədənkənar Prezident  seçkilərinin nəticələri xalqın azad iradəsini ifadə etməyib.

Bu seçkilər son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.

İlham Əliyevin beynəlxalq hüquq normalarına və qanunlara zidd olaraq qəfil təyin olunan növbədənkənar seçkilər vasitəsilə dördüncü  dəfə prezidentliyə namizədliyini irəli sürməsi seçkilərin legitimliyini əvvəlcədən şübhə altına düşməsinə səbəb olub.

Növbədənkənar Prezident seçkiləri ərəfəsində ölkədə seçkiqabağı demokratik şərait olmayıb.

Növbədənkənar Prezident seçkilərinin keçirilməsinin səbəbləri və onun vacibliyi açıqlanmayıb.

Növbədənkənar Prezident seçkiləri həqiqi, real alternativlərin olmadığı şəraitdə keçirilib.

Ölkədə normal siyasi rəqabət şəraiti mövcud olmayıb.

Vətəndaşların sərbəst toplaşmaq hüququ məhdudlaşdırılıb.

Demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb. Bütün seçki komissiyalarında hakim partiya nümayəndələri faktiki olaraq həlledici səs çoxluğuna malik olub. Müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam edib, hakimiyyəti tənqid edən jurnalistlər şərlənərək Cinayət Məcəlləsinin müxtəlif maddələrilə həbs olunub.

Administrativ resurs hakimiyyət namizədinin seçki kampaniyasına cəlb edilib. Seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib.

Müsavat Partiyasına daxil olan çoxsaylı məlumatlar, seçki məntəqələrində olan müstəqil müşahidəçilərin məlumatları tam əminliklə deməyə əsas verir ki, seçkilərdə iştirak edən seçicilərin sayı saxtakarlıqlar və qanun pozuntuları hesabına dəfələrlə şişirdilib. Əslində seçkilərdə iştirak edən seçicilərin ümumi sayı seçici siyahılarındakı seçicilərin sayının 20 faizdən aşağı olub.

Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, demokratik seçkilərin keçirilməsi və ölkədə demokratik islahatlara başlanması imkanı növbəti dəfə itirilib.

Müsavat Partiyası 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini  azad və ədalətli olmayan, qeyri-demokratik seçkilər hesab edir. Belə seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır.

Müsavat Partiyası 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə Prezident seçkilərinin keçirilməsini  tələb edir".





///bastainfo.com