Arif Hacılı: "Şəxsin təqsiri sübuta yetirilməyibsə, rəy yaratmaq demokratik prinsiplərə ziddir"

Arif Hacılı:

14-11-2019 17:12 / Bu xəbər 1589 dəfə oxundu

"İlham Həsənin saxlanılması barədə məlumat yalandır”

Noyabrın 13-də Almaniya mətbuatı Azәrbaycandan bu ölkəyə miqrant daşıyan dəstəni aşkarlaması haqda məlumat yayıb. Bildirilib ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub.

Meydan TV-nin araşdırmasına görə, "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Mehdi Xəlilbəyli və və başqaları saxlanılanlar arasındadır.

Məsələ ilə bağlı sual doğuran məqamları aydınlaşdırmaq üçün Müsavat Partiyasının başqanı Arif Hacılıya müraciət etdik.

- Arif bəy, Almaniya mətbuatının yaydığı məlumata görə, bir qrup azərbaycanlı mühacir biznesinə görə həbs olunub. Saxlanılanlar arasında Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Mehdi Xəlilbəyli və digər şəxslər var. Bu barədə nə deyə bilərsiniz?

- Almaniya mətbuatında yazılan məlumatla tanış olmuşam. Qeyd olunur ki, Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi gətirilməsi ilə əlaqədar böyük bir əməliyyat keçirilib. Bu kontekstdə bəzi azərbaycanlıların da evlərində axtarışlar olub, iki azərbaycanlı, biri 49, digəri 57 yaşlı olmaqla saxlanılıb. Əlövsət Əliyevin oğlu onun saxlanılmasını təsdiqləyib. Bundan başqa sizin qeyd etdiyiniz şəxslərin saxlanılması ilə bağlı yalnız sosial mediada məlumat yayılıb. Başqalarlı üçün bir söz deyə bilmərəm, ancaq bir neçə dəqiqə əvvəl İlham Həsənlə partiya üzvləri danışıblar, Divan üzvü Müstafa Hacıbəyli, Yusif Tağı. Yəni İlham Həsənin saxlanılması barədə məlumat yalandır. Digər şəxslərə gəldikdə, rəsmi məlumat yoxdur. Biz bu məsələləri araşdırırıq, siyahıda qeyd olunanların bəziləri Müsavat Partiyasının üzvü deyil. Hətta bəziləri partiyaya qarşı uzun müddət kampaniya aparan şəxslərdir. MKM rəhbərliyində yalnız İlham Həsənin adı sosial mediada yayılıb, təkrar edirəm, o saxlanılmayıb. Almaniyada ədalət mühakiməsi sistemi mükəmməldir, əminəm ki, günahkar olan hər kəs cəzasını alacaq, günahkar olmayan isə azadlığa buraxılacaq. Sadəcə, təəssüf ki, bəzi dairələr adamlar haqqında nəinki məhkəmə hökmü çıxmamış, hətta onların saxlanılması barədə məlumatlar belə təsdiqlənməmiş böyük bir siyasi kampaniya başlamağa tələsdilər. Hesab edirəm ki, bu məsələlər yaxın vaxtlarda aydınlaşacaq və Almaniyanın mükəmməl ədalət məhkəmə sistemi bu məsələlərə aydınlıq gətirəcək.

- Siyahıda adı keçən MKM sədrinin müavini Mehdi Xəlilbəyli, sürücüsü Rəşad Məmmədov, qohumu Abdin Cavadov da var. Sosial şəbəkədə yayılan məlumatlara görə, Xəlilbəyli mühacir biznesindən 300 min avrodan çox pul qazanıb...

- Bunlar sosial mediada yayılan məlumatlardır. Əgər orada adı çəkilən hər hansı bir şəxs saxlanılıbsa, onun haqqında Almaniya ədalət mühakiməsi cəza hökmü çıxaracaqsa, o da cəzasını çəkməlidir. Ancaq hələlik bu məlumatlar təsdiqlənməmiş elə uzağa gedən mövqelər açıqlamaq doğru deyil. İkinci, Mehdi Xəlilbəyli partiyanın sıravi üzvüdür, o, MKM-nin sədr müavini deyil. Həm də bəzi dostların yazdığı kimi partiya üçün həlledici fiqurlardan deyil. Eyni zamanda, təqsirsizlik prezumpsiyası mövcuddur və hər hansı bir şəxsin təqsirli olması sübuta yetirilməyibsə, bu barədə əvvəlcədən rəy yaratmaq demokratik prinsiplərə ziddir.

- Bəs məlumatlar təsdiqlənsə, partiyanın hər hansı qərarı olacaqmı?

- Bunu məlumatlar təsdiqlənəndən sonra deyərik.

- 9 və 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olmuş Elçin Əkbərovun Müsavat Partiyasından arayış alması barədə yayılan məlumatlar barədə nə deyə bilərsiniz?

- Suallarınıza cavab verdim.

- Partiyadan bu şəxsə arayış verilibmi?

- Mən sizin suallara cavab verdim, çox sağ olun.