Arif Yunus: "Azərbaycan Dağlıq Qarabağda referenduma razılıq verib"

Arif Yunus:

17-12-2020 22:36 / Bu xəbər 1275 dəfə oxundu

Konliktoloq: "İlham Əliyev əvvəl "status getdi gora" deyirdi, sonra mədəni statusdan danışdı"

II Qarabağda müharibəsində Ermənistanın uduzmasından sonra Yerevanda Baş nazir Paşiyana qarşı etirazlar başlayıb və günlərdir ki, davam edir. Bu etirazlar noyabrın 10-da Rusiya-Azərbaycan-Ermənistan rəhbərləri arasında imzalanan üçtərəfli bəyanatdan sonra daha da aktivləşib. 

Bir çox ekspert hesab edir ki, həm Qarabağda müharibənin başlanması, həm bölgəyə rus sülhməramlılarının gəlişi, həm də etirazların gündəmə gətirilməsi Moksvanın qərbyönümlü siyasətçi kimi tanınan Paşinyana təzyiqidir. 

Meydan TV bütün bu suallara aydınlıq gətirmək üçün konfliktoloq Arif Yunusun fikirlərini öyrənib:  

- Arif bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı durumu böhranlı adlandıranda nəyi nəzərdə tutur?

- Ermənistanın özündə hazırda böhran yaranıb. İndiki dövrdə Baş nazir və yaxud müxalifət lideri nəsə deyirsə, daha çox daxili auditoriyanı hədəfləyir. İkinci, əgər diqqət edirsinizsə, Baş nazir Paşinyanla Dağlıq Qarabağda ermənilərin lideri Araik Arutyunyanın çıxışları üst-üstə düşmür. Hər iki tərəf arasında münaqişə olmasa da, problemlərin yarandığını sezilir. Bu, daha çox dekabrın 12-də Hadrutdakı iki kənd və əsir düşən ermənilərlə bağlı onların çıxışlarında özünü büruzə verdi. Nəhayət, Qafanla sərhəddə olan kəndlərin boşaldılması da Ermənistandakı durumu ağırlaşdırır. Bunun müqabilində Ermənistan müxalifəti hər gün aksiyalar keçirdir, vəziyyət birmənalı deyil və sıravi vətəndaş durumu tam şəkildə anlamır. Araik Arutyunyan və Nikol Paşinyanın komandasına daxil olan başqa adamlar da indi açıqlamalar verir ki, Baş nazir və həyat yoldaşının təsiri nəticəsində müharibə uduzulub. Paşinyanın özü də vəziyyətin ağır olduğunu gizlətmir. Faktiki olaraq, Ermənistan ordusu yoxdur, hər şey yenidən qurulmalıdır. Hətta Ermənistan-Azərbaycan arasındakı sərhədlər məsələsində xeyli suallar var. Problemi yaradan amillərdən biri də odur ki, müharibədən əvvəl Azərbaycanın sərhəd bölgələri, konkret olaraq, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarında Ermənistanın nəzarətində olan kəndlər var. Sərhəd yalnız Tovuz rayonunda olub, orda da sərhəd zonasıydı, yəni demarkasiyadan söhbət gedə bilməz. İndi vəziyyət dəyişib və Ermənistan bu işlə məşğul olmağa məcburdular. Üstəlik də, Dağlıq Qarabağda xeyli aydın olmayan məsələlər var. Bu baxımdan Nikol Paşinyan vəziyyətin ağır olduğunu səsləndirir. Ancaq Baş nazirə qarşı hücumlar davam edir və əsas tələb də istefa verməsidir.

- Bəs onun getməsi ilə Ermənistanda hansı mənzərə yarana bilər və ümumiyyətlə, Baş naziri əvəz edəcək lider varmı?

- Çətin sualdır. Bəli, Ermənistanda Nikol Paşinyandan narazılıq həddən artıqdır. Digər tərəfdən isə müxalifətin cəmiyyətdə nüfuzu zəifdir. Bəlkə, müqayisəm yersiz olar, Ermənistandakı indiki vəziyyət Türkiyəyə bənzəyir. Ərdoğanı da ölkə əhalisinin yarısı dəstəkləyir, yarısı isə müxalifəti, yəni 50/50-dir vəziyyət. Ermənistanda da durum bənzərdir, ölkə əhalisinin yarısı Paşinyanı dəstəkləyir, çünki o, seçki vasitəsilə parlamentdə səs qazanıb. O, hakimiyyətə Ermənistanda "Qarabağ klanı”ndan narazılığın simvolu kimi hakimiyyətə gəlib. Məsələ ondadır ki, Ermənistanda son 20 ildə Qarabağla bağlı yox, daxili problemlər daha çox narazılıq yaradırdı, söhbət korrupsiyadan, məmur özbaşınalığından, sosial ədalətsizlikdən gedir. İnqilabı da bu amillər yaratdı. Ermənilər açıq şəkildə sual verirlər, Nikol Paşinyan getdi, kim onu əvəz edəcək? Robert Köçəryan? Yox, onu istəmirlər. Başqa bir qəribə vəziyyət odur ki, biz Ermənistanı Rusiyanın forpostu adlandırırıq, çünki hərbi baza var və iqtisadiyyat da rusların əlindədir. Amma son iki ildə qərbyönlü kadrların sayı artıb və erməni cəmiyyətində Avropaya meyil hər gün güclənir. Ona görə də sual verirlər, tutalım, Paşinyan getdi, yenə onu rüşvətxor Köçəryan-Sarkisyan cütlüyü əvəz edəcək? Bu baxımdan kömpromiss fiqurdan danışıldı və müxalifət tez-tələsik sabiq müdafiə və Baş nazir Manukyanı irəli verdi. Belə olanda, Nikol Paşinyan tələb qoydu ki, o, iyuna qədər hakimiyyətdə qalacaq, sonra seçkilərə gedəcək. Müxalifət isə razılaşmayıb Manukyanı keçid dövrü üçün vahid namizəd seçdiyini bildirib, düşərgə yanvar, ən geci fevralda seçkilərin keçirilməsinə nail olmaq istəyir. Buna nail olacaqmı, cavab vermək çətindir. Mürəkkəblik yaradan amillərdən biri də Putinlə Paşinyanın münasibətləridir. Vaxtilə Paşinyan onun Köçəryanla bağlı tələbini rədd etmişdi, indi isə əksinə, onun sözüylə oturub-durur. Çünki artıq Köçəryan zəif fiqurdur, ictimai nüfuzu da yoxdur. Paşinyan gözləyir ki, Manukyan da olmaya bilər, tamam başqa şəxs ortaya çıxar, o da qərbpərəst olar, bu mənada gedişat haqda proqnoz vermək çətindir. Kimsə iddia edə bilməz ki, Paşinyan yaxın vaxtlarda hakimiyyətdən gedəcək, yoxsa sosial partlayış nəticəsində...

- Siz Paşinyanı "Qarabağ klanı”ndan fərqləndirirsiniz. Ancaq ictimai fiqur Georgi Vanyan bugünlərdə jurnalist Romanova müsahibəsində deyib ki, Paşinyan 1990-cı ildə hakimiyyətə gələn "Qarabağ Komitəsi”nin xələfidir...

-  Xeyr, razılaşmıram. Bu, ona bənzəyir ki, Nemət Pənahlı, Leyla Yunus, Etibar Məmmədov, Elçibəy, hamısı Xalq Cəbhəsindəydilər, bəli elədir. "Qarabağ Komitəsi”ndə də bu adamlar bir yerdəydi, ümumerməni hərəkatıydı, amma bu təşkilatda Ermənistanın müstəqilliyi də əsas məsələydi. Həmin dövrün mətbuatına baxsanız, komitənin liderləri deyirdilər ki, əsas məqsəd Ermənistanın SSRİ-dən ayrılıb müstəqil dövlət omasıdır, Baltikyanı respublikaları da misal çəkirdilər. İkinci, keçmişdə çox şey olub, məsələn, Ter-Petrosyan hakimiyyətə gələndə daşnakları ölkədən qovdu, onlarda Yunanıstanın paytaxtı Afinaya mühacirət etdilər. Petrosyan hakimiyyətdən gedəndən sonra, 2007-2008-ci illərdə daşnaklarla əməkdaşlığa getdi. Ona görə keçmişə yox, bu günə diqqət yetirilməlidir. Vanyanın həmin fikri Zərdüşt Əlizadənin AXC haqda söylədiklərini xatırladır. Yaxud Real Partiyasının sədri İlqar Məmmədov vaxtilə İlham Əliyevi necə sərt edirdi, indiki münasibəti isə fərqlidir. Bu gün biz görürük ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra asta-asta qərbyönlü adamları vəzifələrə yerləşdirdi. Çünki radikal yanaşma onu çətin duruma salacaqdı. Rusiya bunları görürdü və onları SOROS-çular adlandırırdı. Putinin şəxsi dostu Köçəryanı həbs edəndə, artıq hər şey aydın oldu. Nəhayət, Baş nazir Paşinyan xələfi Sarkisyandan fərqli olaraq Lavrovun Qarabağla bağlı planını rədd etdi. Paşinyan bu imtinasını daha çox erməni lobbisinə və Vaşinqtonla Parisdən dəstək alacağına hesablamışdı. Müharibə başlayanda isə onu ən çox Rusiyadakı erməni diasporunun nümayəndələri ittiham etdi. Məncə, yaxın iki həftə sonra Ermənistanda hər şey aydın olacaq.

- Arif bəy, 10 noyabrda imzalanan üçtərəfli bəyanat problemin həlli yönündə atılmış addım sayıla bilərmi?

- Yox, qətiyyən. Məlum bəyanat Lavrovun planının gerçəkləşməsidir. Həmin planda yazılıb ki, Ermənistan 7 rayonu qaytarır. Düzdür, sənəddə Şuşa və Hadrut yox idi. "Madrid Prinsipləri"ndən fərqli olaraq bu planda Rusiya sülhməramlılarının olması idi. "Madrid Prinsipləri"ndə sülhməramlıların neytral ölkələr tərəfindən təşkil olunacağı göstərilmişdi. Ona görə İlham Əliyevin Qarabağ probleminin həll olunması haqda dedikləri doğru deyil. Fikir verdinizmi, Rusiya dövlət başçısı Vladimir Putin də 17 dekabr mətbuat konfransında status məsələsini bir daha qabartdı. Nəticə odur ki, Qarabağ hələ Azərbaycanda deyil.

- Vladimir Putin hətta mətbuat konfransında deyib ki, Dağlıq Qarabağın əhalisi öz ləyaqətini qorumaq üçün əllərinə silah alıb. Bu bəyanatı necə şərh edərdiniz?

- Birincisi Qarabağ əhalisinin silahı həmişə olub və onlar hər an müharibəyə hazır olub. Dediklərim ötən əsrin 80-ci illərinə də aiddir. Fikir verdinizmi, 44 günlük müharibədə hətta 14-15 yaşlı uşaqlar da, yaşlı insanlar da silahlanmışdı, bu barədə videolar da yayıldı. Onlar hərbçilər yox, yerli könüllülər idi. Hətta Qarabağa Suriya və Livandan gələn ermənilər də özləriylə silah gətirmişdi. Onların sayı minlərlədir, bu barədə həmin silahlılar xarici mediaya gizlətmədən deyirlər ki, sona qədər döyüşəcəklər.  

- Sizcə, Putin nədən münaqişənin tarixindən danışanda Sumqayıt olaylarına fokuslanır? Axı Sumqayıtdan əvvəl Qafanda azərbaycanlılara qarşı şiddət olmuşdu, yaxud Ağdamda iki gənc öldürülmüşdü...

- İnsanlar çox streotiplərə əsaslanır. Baxın, Qafan hadisələrini biz bilirik, ancaq xarici ölkələr baş verənlərdən xəbərsizdilər. Hətta Xocalı haqda az danışırlar. Bu, Azərbaycanın informasiya siyasətinin zəifliyindən irəli gəlir. Azərbaycan yalnız Ermənistanla müharibə aparmır, öz ərazilərini işğaldan azad edir, döyüşlər də bizim torpaqlarımızda gedir. Amma Rusiya və başqa ölkələrdə təbliğat belə gedir ki, guya Azərbaycan Artsaxa qarşı müharibə aparır. Halbuki Artsax adında dövlət olmayıb və indi də yoxdur. Səbəb Azərbaycanın informasiya, təbliğat siyasətinin pis olmasındadır. Ona görə də Putin Sumqayıtı misal çəkir, Qafan haqqında danışsaydı, xeyli suallar yaranardı. Əmin olun ki, Azərbaycanda da Qafan hadisələrini tam təfərrüatıyla bilənlər yoxdur.

- Regional dövlət olan və Qarabağ probleminin yaranmasında xüsusi təsiri olan Rusiya kimi ölkənin başçısının Qafan hadisələrindən xəbərsiz olması inandırıcı gəlmir axı...

- Ümumiyyətlə, Putin bütün çıxışlarını elə qurur ki, ətraf dövlətlər Rusiyadan asılı olsun. Son mətbuat konfransında da dedi ki, 7 rayon qaytarılmalıdır, amma status gələcəyə qalır. Sumqayıt da Azərbaycana təzyiq mesajıdır. Necə ki suriyalı muzdlular haqda Narışkinin, Lavrovun söylədikləri Türkiyəyə qarşı yönəlib. Bütün hallarda Putin öz dövlətinin maraqlarını güdür.

- Mən yenidən Qarabağda erməni silahlıları haqda suala qayıtmaq istərdim. Üçtərəfli bəyanatın dördüncü bəndində yazılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma Putin bu məsələdə birinci bəndə istinad edib. Orda yazılıb ki, Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar. Belə olanda, vəziyyətdən çıxış yolu necədir?

-  Söhbət Ermənistanın qaytardığı Kəlbəcər, Ağdam və Laçındakı silahlı qüvvələrdən gedir, yerli əhali isə qala bilər. Dağlıq Qarabağın daxilindəki rayonlarda erməni silahlılar qalacaq və hətta 10 noyabrdan sonra 40 min insanın qayıtdığı deyilir. Təəssüf ki, Azərbaycan ictimaiyyəti daha çox rəsmi təbliğat aparan televiziyalara köklənir və orda heç də doğru məlumat verilmir.

- Bu baxımdan Xankəndinin taleyi necə olacaq, rəsmi təbliğatda 12 min azərbaycanlının şəhərə qayıdacağı haqda fikirlər yer alır?..

-  Yalnız Qarabağın statusu həll olunandan sonra ona baxılacaq. Bu məsələ "Madrid Prinsipləri"ndə yer alan referendumla həllini tapmalıdır, referendum da Dağlıq Qarabağda keçirilməlidir.

- Azərbaycan referenduma razılıq verib?

- Əlbəttə. 2004-cü ildə bu məsələ qoyulub, "Madrid Prinsipləri"ndə yazılıb ki, mərhələli şəkildə rayonlar qaytarılır, Laçınla Kəlbəcər referendumdan sonraya qalır. Hələ referendumda 3 sualın qoyulması da "Madrid Prinsipləri"ndə yazılmışdı. Hətta o vaxt jurnalistlər Xarici işlər nazirinin müavini Araz Əzimova bu barədə sual verdilər ki, referendum nə məsələdir, cavab vedi ki, 10-15 il sonra nə olacaq, onu Allah bilir. Bizim hökumət əsas diqqəti 7 rayonun qaytarılmasına yönəltmişdir. Amma həmsədr dövlətlər istəyirdi ki, Azərbaycan bununla bağlı sənəd imzalasın. İlham Əliyev isə referendumla razılaşmadı, yalnız bütün Azərbaycan əhalisinin iştirak edəcəyi halda mümkün olduğunu demişdi. Məsələ ondadır ki, Dağlıq Qarabağda say baxımdan ermənilər çoxluq təşkil edirdi. Minsk Qrupu o vaxt məsələni belə qoyurdu: referenduma qədər Rəsmi Bakı erməni icmasıyla işləməlidir, onları inandırmalı ki, Azərbaycan tərkibində yaşamaq daha sərəlidir, nəinki müstəqil olmaq. Yəni Azərbaycana vaxt verilirdi. O vaxt beynəlxalq tədbirlərdə onlara deyirdim ki, siz ermənilərin separatçılıqdan əl çəkəcəyinə inanırsınız?! Mən başqa İlham Əliyevin dekabr çıxışlarına diqqət çəkmək istərdim, əvvəl "status getdi gora" deyirdi, sonra mədəni statusdan danışdı. Yaxud danışıqların olmayacağını iddia edirdi, amma mən əminəm ki, gələn ilin fevralında danışıqlar aktiv mərhələyə keçəcək, referendum yenidən gündəmə gələcək. Bax, ona görə azərbaycanlıların Xankəndinə qayıtması hələ gündəmdə deyil. Məni daha çox narahat edın Rusiyanın Qarabağ ermənilərinə pasport paylamasıdır, bu barədə informasiyalar dövriyəyə elə-belə buraxılmır. Söhbət ikili vətəndaşlıqdan gedir, yəni sabah Azərbaycan hansısa addım atsa, Moskva deyəcək ki, orda bizim vətəndaşlar var. Eləcə də sülhməramlıların qalma vaxtı, 5 il göstərilir, Gürcüstanda da iki tərəfin razılığı deyilirdi. Amma 20 ildən çoxdur ruslar qalır. Ermənistandakı Rusiya hərbi bazasının hərbçilərinin 70 faizi ermənidir və onlar da rus pasportu daşıyırlar. İndi də kim inkar edə bilər ki, 5 il sonra Qarabağda yaşayan ermənilər Rusiyaya sülhməramlıların qalması üçün müraciət etməyəcək? Biz 5 il sonranı da düşünməliyik.

- Belə olanda Azərbaycan indidən nə etməlidir?

- Azərbaycan-Rusiya münasibətlərindən çox şey asılıdır. İkinci, daha yaxşı olardı ki, Azərbaycan-Türkiyə münasibətləri dərinləşsin. Qərbin regionda təsir imkanları son vaxtlar çox zəifləyib, ABŞ-da yeni administrasiya hələ fevraldan işə başlayacaq. Faktiki olaraq, regionda təsir imkanları Rusiya və Türkiyə var, biz hər iki dövlət ilə işləməliyik. Əlbəttə, Türkiyənin hərbi imkanlarının geniş olmasına çalışmalıyıq. Hətta Türkiyənin hərbi bazasının qurulmasına da cəhd etməliyik, lap min nəfər də olsa belə. Bunun özü bir simvoldur. Başqa bir varinat isə ermənilərlə dialoqu gücləndirməliyik. Gürcüstana baxın, osetinlərlə hər cür dialoqa girirlər. Bizə ermənilərin kapitulyasiyası yox, razılığı lazımdır. Çünki ermənilərin arxasında Rusiya dayanır, onlarla isə konfrantasiyaya gedə bilmərik. Birdəfəlik bilməliyik ki, Rusiya Qarabağ münaqişəsindən tərəflərə təzyiq üçün istifadə edib. Moskva problemin həllində maraqlı deyil. Qarabağ problemi olmasaydı, Azərbaycanla Ermənistan çoxdan Avropaya üz tutmuşdular. Ona görə də ermənilərlə işləmək lazımdır.