Armen Qriqoryan "Zəngəzur dəhlizi" ilə bağlı şərtləri açıqladı
31-08-2021 15:10 / Bu xəbər 2807 dəfə oxundu
"Kommunikasiyalar Ermənistana Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə əlaqə imkanı yaratmalıdır”
"Suveren Ermənistan respublikasının ərazisində başqa bir suveren ölkənin dəhlizi ola bilməz”.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi” ilə bağlı açıqlamalarını şərh edərkən belə deyib.
O, Ermənistan ordusunun Ermənistan Respublikasının suverenliyini müdafiə etməyə hazır olduğunu əlavə edib.
Qriqoryan bildirib ki, regionda nəqliyyat kommunikasiyalarının tam açılması Ermənistana da Azərbaycan ərazisi vasitəsilə Rusiyayla əlaqə imkanı yaratmalıdır.
Aparıcı Qrayr Tamrazyan Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi və Ermənistanın yenidən silahlanmasına cavab olaraq Bakının atacağı qabaqlayıcı addımlar barədə son bəyanatlarını da xatırladıb.
Avqustun 25-də Ermənistanda başlayan üçaylıq hərbi toplanışların müharibə hazırlığı olub-olmadığını soruşub.
Təhlükəsizlik Şurasının katibi cavabında regionda yeni müharibə təhlükəsinin aradan qalxmadığını da qeyd edib.
O əlavə edib ki, toplanışların keçirilməsində məqsəd ölkənin müdafiə qabiliyyətinin artırılmasına yöndəldilmiş ordu islahatlarıdır: "44 günlük müharibədə daha çox müzakirə edilən səfərbərlik resursu mövzusu idi. Toplanışları orduda islahatların vəziyyətini nəzərə alaraq keçiririk. 9 noyabr bəyanatı regionda müəyyən stabillik üçün əsas yaradıb, amma bütün məsələləri həll edə bilməyib. Üçayqlıq toplanışların keçirilməsində məqsəd orduya daha effektiv rəhbərliyin təşkil edilməsidir”.///meydan.tv